MÜSAHİBƏ

17 Dekabr

Həmişə sevdiklərimin itkisi ilə sınanmışam!

Uşaq evində böyümüşəm. 25 yaşımda elə uşaq evində birlikdə böyüdüyüm Zəhra ilə evləndim. Onun varlığına o qədər alışmışdım ki, uşaq evindən ayrıldığımız zaman onsuz necə qala biləcəyimi düşünərək üzülürdüm. Hər ikimiz uşaq vaxtı valideynlərimizi itirmişik. Talelərimiz oxşardır.

Zəhra məndən fərqli olaraq ali təhsil almışdı. Nikahımızdan bir neçə gün sonra özəl şirkətlərdən birindən iş təklifi aldı. O qədər çətinlikdən sonra ürəyincə iş tapmasına görə sevinci yerə-göyə sığmırdı. Mən isə həmişə “qara” işlərdə çalışmışam; əvvəllər avtoyumada işləyirdim, indi isə avtomobil ustasıyam.

Ailəmdən mənə yalnız ev qalıb, daha dəqiq desək, nənəmdən. 50 kvadrat metrlik evin mənim üçün misilsiz bir qiyməti var. Pəncərələr, qapılar, döşəmə elə nənəmin cavan vaxtında təmir olunmuşdu. Döşəmənin üstündə gəzəndə qorxunc səslər çıxarırdı.

Vəfatından sonra təmir etdirə biləcək gücüm çatmadı. Zəhranın artıq rəsmi işi olduğuna görə onun adına təmir üçün kredit götürdük. Müddəti bir az uzun seçmişdik ki, aylıq ödəniş az olsun. Bank işçisi bizə əlavə olaraq həyat sığortası da təklif etdi. Düzünü deyim, ilk dəfə idi eşidirdim və qulağıma bir az qəribə gəldi. Beynimdə o qədər sual yarandı ki, işçini yordum. Bir-birimizin üzünə baxdıq və məbləğ böyük olmadığı üçün bu sığortanı götürməyi qəbul etdik.

Neçə il idi ki, krediti ödəyirdik; bəzən mən də kömək edirdim. Artıq övladımız da olduğuna görə vəziyyət o qədər də ürəkaçan deyildi. Yoldaşım Zəhranın anası uşaq ikən xərçəngdən vəfat etmişdi, çox gənc yaşında. Həmişə bu xəstəlikdən qorxardı və elə qorxduğu da başına gəldi. Xərçəng Zəhranı 2 ay ərzində əlimizdən aldı. Göz qırpımında.

İtkilərə alışmışam, həyatımı belə qəbul edirəm. Həmişə sevdiklərimin itkisi ilə sınanmışam… Bu vəziyyətimdə hələ üstəlik bank işçisinin mənə zəng edib krediti gecikdirdiyimi soruşması da canımı lap sıxdı. Çox əsəbləşmişdim və hirsli formada vəziyyətimi izah edirdim. Bank işçisi səbirlə mənə bir vaxtlar götürdüyümüz həyat sığortası barədə məlumat verdi. Sən demə, belə hallarda həyat sığortası borcu öz üzərinə götürür. Elə qalan borcumuz həyat sığortası tərəfindən ödənildi.

Düzdü, Zəhranı itirmək mənə çox pis təsir edib, hələ də özümə gələ bilmirəm. Bir də üstünə maddi çətinlik gəlsəydi, halım daha da betər olardı.