Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” və bazarda aktiv fəaliyyət göstərən akademiyalardan biri Div Academy ortaq əməkdaşlıq çərçivəsində yeni sosial yönümlü təşəbbüs – “AI for Good” süni intellekt təlim proqramının qeydiyyat prosesinə start verib. Layihə valideynini itirmiş, 18–23 yaş arası gənclərin rəqəmsal bacarıqlara çıxışını genişləndirməyi və onların əmək bazarına inteqrasiyasını dəstəkləməyi hədəfləyir.
Proqram tam olaraq ödənişsizdir və tədris xərcləri layihənin tərəfdaşları tərəfindən qarşılanır.
3 ay davam edəcək təlim müddətində iştirakçılar:
- Süni intellektin əsasları və tətbiq sahələri,
- No-code texnologiyaları və onların real biznes proseslərində istifadəsi,
- Rəqəmsal bacarıqların inkişafına dair praktiki yanaşmalar üzrə biliklər əldə edəcəklər.
Tədris prosesi həmçinin mentorluq görüşləri, sahə mütəxəssisləri ilə interaktiv sessiyalar və real layihələr üzərində çalışma imkanları ilə zənginləşdiriləcək.
Layihə “PAŞA Bank”ın sosial məsuliyyət strategiyasına uyğun olaraq gənclərin inkişafına, rəqəmsal savadlılığın artırılmasına və gələcək peşə perspektivlərinin genişləndirilməsinə töhfə verməyi hədəfləyir. Bank fəaliyyətə başladığı gündən insan kapitalının inkişafını, biliklərin paylaşılmasını və regional potensialın gücləndirilməsini əsas prioritetlərdən biri kimi müəyyənləşdirib. “PAŞA Bank” gələcəkdə də gənclərin təhsil və karyera imkanlarını genişləndirən layihələrə imza atmağa davam edəcək.

