Əmanətlərin Sığortalanması Fondunda (ƏSF) 3 dekabr tarixində sosial məsuliyyət təşəbbüsləri çərçivəsində növbəti könüllü qanvermə aksiyası keçirilib.
Finss.az xəbər verir ki, aksiya Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Respublika Qan Bankının donor proqramı ilə əməkdaşlıq şəraitində təşkil olunub və məqsəd ölkədə qan ehtiyatlarının təhlükəsiz səviyyədə saxlanmasına dəstək verməkdən ibarət olub.
Tədbirin əsas məqsədi talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən vətəndaşların həyatının xilas edilməsinə dəstək olmaq, eləcə də cəmiyyətdə könüllülük və həmrəylik mədəniyyətinin gücləndirilməsinə töhfə vermək olub. Fondun rəhbərliyi və əməkdaşları aksiyada fəal iştirak edərək qan ehtiyatlarının artırılmasına öz töhfələrini veriblər.
Qanvermə prosesi tibbi təhlükəsizlik standartlarına uyğun şəkildə təşkil olunub. Aksiya zamanı həkim müayinəsi, donorların sağlamlıq vəziyyətinin qiymətləndirilməsi və qan götürülməsi mərhələləri peşəkar tibbi personal tərəfindən həyata keçirilib.
Qan xəstəliklərindən əziyyət çəkən çox sayda insan hər il donor qanının çatışmazlığı səbəbindən həyati təhlükə ilə üzləşir və ya səhhətində ciddi ağırlaşmalar baş verir. Bu səbəbdən kütləvi qanvermə təşəbbüslərinin təşkil olunması cəmiyyət üçün vacib sosial əhəmiyyət daşıyır və belə insanların həyatının xilas edilməsində mühüm rol oynayır.
Fuad Mədətov
Finss.az




