Finss.az - Azərbaycan və Qazaxıstanı ümumi məqsəd birləşdirir – sahibkarlığa əsaslanan dayanıqlı və rəqabətədavamlı iqtisadiyyatın inkişafı.
Bu fikri Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA / SMEDA) sədri Orxan Məmmədov Astanada keçirilən Qazaxıstan–Azərbaycan Biznes Forumunda səsləndirib.
Orxan Məmmədov bildirib ki, Qazaxıstan Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biridir və son illərdə KOBİA ilə Qazaxıstanın “DAMU Sahibkarlığın İnkişafı Fondu” arasında səmərəli əməkdaşlıq formalaşıb.
“Qurumlarımız arasındakı dialoq dövlət strukturları səviyyəsində əməkdaşlığın biznes üçün necə əlverişli mühit yarada biləcəyini göstərir. Belə qurumlar birgə proqramlar hazırladıqda sahibkarlar inkişaf, investisiya və əməkdaşlıq üçün yeni imkanlar əldə edirlər,” – deyə O.Məmmədov vurğulayıb.
KOBİA rəhbəri əlavə edib ki, DAMU Fondu nümayəndələri İkinci Azərbaycan Halal Biznes Forumunda da fəal iştirak ediblər. Forumda davamlı inkişaf, İslam maliyyələşdirilməsi və yaşıl iqtisadiyyatda KOB-lar üçün imkanlar kimi mövzular müzakirə olunub.
Orxan Məmmədov həmçinin qeyd edib ki, KOBİA-nın Qazaxıstanın Xarici Ticarət Palatası ilə əməkdaşlığı da mühüm yer tutur.
“Birgə təşəbbüslər və məlumat mübadiləsi biznes icmaları arasında əlaqələri gücləndirir, tərəfdaşların tapılmasını asanlaşdırır və qarşılıqlı əlaqələrin daha sistemli olmasına kömək edir,” – deyə o bildirib.
O, iki ölkə arasında sənaye, logistika, kənd təsərrüfatı, innovasiyalar və yaşıl iqtisadiyyat sahələrində böyük əməkdaşlıq potensialının olduğunu vurğulayıb.
“Biz bu istiqamətlərdə biznes missiyaları, forumlar və B2B görüşlərini təşviq etməyə hazırıq. Azərbaycanda sabit iqtisadiyyat və müasir infrastruktur mövcuddur, Qazaxıstan isə ixrac və investisiya imkanlarını inkişaf etdirir. Bu üstünlüklər birlikdə uzunmüddətli tərəfdaşlıq üçün möhkəm zəmin yaradır,” – deyə o qeyd edib.
KOBİA rəhbəri əmin olduğunu bildirib ki, qurumlar arasındakı əməkdaşlıq və sahibkarların fəal iştirakı hər iki ölkəyə fayda gətirəcək yeni layihələrin yaranmasına şərait yaradacaq.
O.Məmmədov həmçinin vurğulayıb ki, Azərbaycan və Qazaxıstan Türk Dövlətləri Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə və digər çoxtərəfli platformalarda da fəal əməkdaşlıq edir.
“Bu platformalar çərçivəsində sahibkarlığın inkişafı, investisiya tərəfdaşlığı və yaşıl iqtisadiyyat istiqamətində birgə səylər regionda dayanıqlı iqtisadi ekosistemin formalaşmasına xidmət edir,” – deyə o yekunlaşdırıb.