2025-ci ilin yanvar-iyun aylarında “PAŞA Bank”ın cəmi aktivləri 8,986 milyard manat təşkil edib.
Finss.az xəbər verir ki, bu barədə məlumatı bankın İdarə Heyətinin üzvü və Baş Maliyyə inzibatçısı Murad Süleymanov bankın birinci yarımil nəticələrinə dair mətbuat konfransında açıqlayıb. O bildirib ki, ötən ilin eyni dövrü ilə müqayisədə aktivlər 8,9% artıb.
Bankın kredit portfeli 3,441 milyard manat olub. Kreditlərin sektoral bölgüsünə görə, 43,1%-i ticarət və xidmətlər sahəsinə, 13,7%-i fiziki şəxslərə, 12,3%-i nəqliyyat və telekommunikasiya, 9,7%-i enerji, 8,1%-i istehsal sahəsinə yönəldilib. Digər sahələrin, o cümlədən tikinti, kənd təsərrüfatı və BOKT-ların payı ümumilikdə 13 faiz təşkil edib. M. Süleymanov əlavə edib ki, kreditlərin bankın ümumi aktivlərindəki payı 37,1%-dir ki, bu da 2024-cü ilin sonundakı 40,8%-lik göstərici ilə müqayisədə azalma deməkdir. Valyuta bölgüsünə görə, 2,196 milyard manat kredit manatla, 1,245 milyard manat isə xarici valyutada verilib ki, xarici valyutada verilən kreditlərin payı 4,2% azalıb.
Fond vasitəsilə verilən kreditlərin ümumi həcmi 407,4 milyon manat olub. Bunun 237,8 milyon manatı KOBİA, 161,6 milyon manatı isə Sahibkarlığın İnkişafı Fondu vasitəsilə ayrılıb. Kredit portfelinin keyfiyyət göstəricilərinə görə, kreditlərin 53,5%-i yüksək keyfiyyətli (1-ci mərhələ), 12,8%-i 2-ci mərhələ, 4,5%-i isə riskli kateqoriyadadır (3-cü mərhələ).
Bu dövrdə bankın öhdəlikləri 8,054 milyard manat səviyyəsinə çatıb ki, bu da ötən ilin əvvəli ilə müqayisədə 680 milyon manat və ya 9,2% artım deməkdir. Müştərilər qarşısındakı öhdəliklər 6,814 milyard manat təşkil edərək ümumi öhdəliklərin 84,6%-ni əhatə edib. Banklar və dövlət fondları qarşısındakı öhdəliklər isə 988,290 milyon manata çatıb, burada manatla öhdəliklər 726,801 milyon manat, xarici öhdəliklər isə 261,489 milyon manat olub.
“PAŞA Bank” bazarda 19,31% payla biznes kreditləri üzrə ən iri portfelə malik özəl bankdır. İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev bildirib ki, bankın əsas məqsədi real sektora, sahibkarlığa və qeyri-neft iqtisadiyyatına dəstək olmaqdır. Yeni istehsal və xidmət sahələrinin yaranması, mövcud bizneslərin genişlənməsi üçün fərqli maliyyə həlləri və kredit məhsulları təqdim edilir.
Bank bu ilin sonunadək POS-terminal şəbəkəsində “Az-QR” sistemini tətbiq etməyi planlaşdırır. B. Nağıyev qeyd edib ki, ən geci bir ay ərzində bu işlər tamamlanacaq və “PAŞA Bank” bu sahədə bazarda öncül olacaq. “Az-QR” standartı Azərbaycan Mərkəzi Bankı tərəfindən ödəniş bazarı iştirakçılarına təqdim edilib.
Eyni zamanda, bankın xalis mənfəəti faiz xərclərinin artması səbəbindən azalıb. M. Süleymanov bildirib ki, ötən il bankın marjası 6,6%-dən 5,5%-ə, 2025-ci ilin ilk 6 ayında isə 5,5%-dən 4,7%-ə düşüb.
Bununla yanaşı, Maliyyə Nazirliyi tərəfindən 2025-ci ilin iyun ayının sonuna kimi “PAŞA Bank”da 372,450 milyon manat qalıq vəsait depozitə yerləşdirilib. Bu vəsaitlər qısamüddətli, 1-3 aylıq müddətə cəlb olunub və vahid xəzinə hesabına sərbəst qalığın depozit hərracları vasitəsilə kommersiya banklarında yerləşdirilməsinə başlanılıb.
Fuad Mədətov
Finss.az









