MÜSAHİBƏ

11 Avqust

BP və tərəfdaşları Azərbaycanda sosial layihələrə yatırımları 40% artırıb

Finss.az - BP-nin açıqlamasına görə, bu il yanvar–iyun aylarında şirkət və onun əməliyyatçısı olduğu layihələrdə iştirak edən tərəfdaşlar Azərbaycanda sosial investisiyalara ümumilikdə 0,7 milyon dollar vəsait yönəldiblər. Bu məbləğ ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 milyon dollar və ya 40% çoxdur.

Hesabat dövründə sosial investisiya layihələri çərçivəsində hazırda davam edən 17 təhsil proqramı, eləcə də yerli bacarıqların inkişafı və sahibkarlığın dəstəklənməsini hədəfləyən 1 layihə həyata keçirilib.

Bundan əlavə, BP öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə 2025-ci ilin ilk yarısında təxminən 0,4 milyon dollar xərcləyib. Bu sponsorluq çərçivəsində 19 təhsil təşəbbüsü, yerli bacarıqlar və sahibkarlığın inkişafı üzrə 1 layihə, 5 ətraf mühit təşəbbüsü, eləcə də müxtəlif mövzularda 7 konfrans və seminar təşkil olunub. Ümumilikdə 32 layihə həyata keçirilib.

Şirkətin sosial investisiya strategiyası təhsil proqramları, yerli icmalarda bacarıqların inkişafı, sosial infrastrukturun yaxşılaşdırılması, maliyyə resurslarına çıxış imkanlarının artırılması, yerli müəssisələrə təlim və dəstək göstərilməsi, mədəni irs və idmanın inkişafı, həmçinin hökumət qurumlarına texniki yardım istiqamətlərini əhatə edir.

Fuad Mədətov
Finss.az