Ölkənin aparıcı sığorta şirkətlərindən olan PAŞA Sığorta, müştərilərinə daha yaxın olmaq və xidmət keyfiyyətini artırmaq məqsədilə 4 avqust tarixindən etibarən satış ofisini Part Bakuda yerləşən filialına köçürür.
Finss.az xəbər verir ki, Neftçilər prospekti 151 ünvanında yerləşən filialda fərdi müştərilər üçün avtomobil, əmlak, səfər və digər icbari və könüllü sığorta məhsulları ilə bağlı satış xidmətləri təqdim olunacaq. Satış ofisi həftə içi hər gün saat 09:00-dan 18:00-dək fəaliyyət göstərəcək.
Qeyd edək ki, PAŞA Sığortanın Sahil Plazada yerləşən Baş Ofisi sığorta hadisələrinin tənzimlənməsi üzrə müştəriləri qəbul etməyə davam edəcək.
Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “SP Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB+", reytinq üzrə proqnozu isə “Müsbət” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.
Fuad Mədətov
Finss.az
