2025-ci ilin avqust ayı üçün RBP platformasında keçirilmiş hərrac nəticəsində Transbalkan qaz dəhlizinin ötürücülük qabiliyyətinin 20 faizi bronlanıb.
Trend-in Ukraynanın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bu marşrut Yunanıstan, Bolqarıstan, Rumıniya və Moldova üzərindən Ukraynaya təbii qaz idxalı üçün yaradılıb. Nazirliyin Ukraynanın Qaz Nəqli Sistemi Operatoru ilə birgə təşəbbüsü nəticəsində həyata keçirilmiş yeni ötürmə gücü bronlama məhsulu Transbalkan dəhlizi üzrə nəql xərclərini 25% azaldıb. Bu, tədarük mənbələrinin şaxələndirilməsi və Ukraynanın yeraltı qaz anbarlarından daha səmərəli istifadə üçün əlavə imkanlar yaradır.
Ukraynanın Energetika naziri Svetlana Qrinçuk bildirib ki, Transbalkan marşrutu Ukraynanın cənub istiqamətli resurslara çıxışını genişləndirir və qazı yeni ixracatçı ölkələrdən almağa şərait yaradır. Bundan başqa, marşrut Avropa treyderləri üçün yeraltı qaz anbarlarından istifadə baxımından cəlbedici imkanlar təqdim edir.
Qeyd olunur ki, Transbalkan istiqaməti üzrə ötürücülük gücünün bronlanmasına çıxış 2025-ci ilin iyun ayından mümkün olub və bazar iştirakçılarının marağı davamlı artmaqdadır.
2024-cü ilin sonuna qədər gündəlik 7 milyon kubmetr həcmində zəmanətli güc səviyyəsi müəyyən edilib. Hazırda bu gücün 2025-ci ildə gündəlik 11,5 milyon kubmetrə çatdırılması üzərində işlər aparılır.
Xatırladaq ki, Ukrayna Transbalkan marşrutu vasitəsilə ilk dəfə Azərbaycan qazının idxalına başlayıb. “Naftoqaz” şirkətlər qrupu SOCAR Qrupuna daxil olan “SOCAR Energy Ukraine” şirkəti ilə Azərbaycan təbii qazının alınmasına dair ilk müqaviləni imzalayıb. Qaz sınaq rejimində Bolqarıstan-Rumıniya-Ukrayna dəhlizi ilə nəql edilir.
“Naftoqaz”ın baş direktoru Sergey Koretski qeyd edib ki, tədarük həcmi böyük olmasa da, bu uzunmüddətli əməkdaşlığa yol açan strateji əhəmiyyətli addımdır və təchizat mənbələrinin şaxələndirilməsi ilə Ukraynanın enerji təhlükəsizliyinin gücləndirilməsinin növbəti nümunəsidir.
“SOCAR Energy Ukraine”dan verilən məlumata görə, 24 iyul 2025-ci ildə “Naftoqaz” şirkətlər qrupu ilə sınaq qaz tədarükləri barədə saziş imzalanıb. Qaz Ukraynaya Bolqarıstandan nəql olunacaq və tarixdə ilk dəfə Azərbaycan mənşəli qaz Ukraynaya çatdırılacaq.