BİZNES

28 İyul

SOCAR-ın STAR zavodunda istehsalat göstəriciləri açıqlandı

2025-ci ilin may ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədə yerləşən STAR Neft Emalı Zavodu 796 302 ton xam neft idxal edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 18,2 faiz azalma deməkdir.

Finss.az xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinin (EPDK) may ayına dair hesabatında yer alıb.

Hesabatda qeyd olunub ki, adıçəkilən ay ərzində STAR zavodunda ümumilikdə 530 633 ton dizel yanacağı istehsal olunub, ondan 5 179 tonu biodizel tərkibli olub. İstehsal strukturunda, həmçinin:

  • 199 547 ton aviasiya yanacağı,
  • 137 022 ton nafta,
  • 61 630 ton neft koksu,
  • 21 962 ton mayeləşdirilmiş neft qazı (LPG)
  • və 7 423 ton yüksək kükürdlü dizel yanacağı da yer alıb.

Xatırladaq ki, STAR Neft Emalı Zavodu 2018-ci il oktyabrın 19-da istifadəyə verilib. Zavod Türkiyədə neft emalı və neft-kimya sənayesinin inteqrasiyasını təmin edən əsas sənaye müəssisələrindən biri olmaqla, bu sahədə ölkə iqtisadiyyatının real sektoruna qoyulmuş ən böyük investisiya layihələrindən biri hesab olunur.

2024-cü ilin sonundan etibarən STAR zavodunun illik emal gücü 13 milyon tona çatdırılıb. Müəssisədə dizel, nafta və aviasiya yanacağı da daxil olmaqla müxtəlif növ neft məhsulları istehsal olunur. Zavodun nafta istehsalı isə SOCAR-ın Türkiyədəki digər layihəsi – Petkim neft-kimya kompleksinin xammal tələbatını demək olar ki, tam şəkildə qarşılayır.

Fuad Mədətov
Finss.az