Finss.az - Kriptovalyuta bazarında yenidən eniş müşahidə olunub.
Cümə günü bitkoinin qiyməti 1,8% azalaraq 115 555 dollara düşüb. Bu, ötən həftə qeydə alınan 123 000 dollarlıq rekord səviyyədən sonra baş verib.
İnvestorlar 30 iyulda keçiriləcək ABŞ Federal Ehtiyat Sisteminin (FED) iclasını və eyni gündə açıqlanacaq kriptosiyasət hesabatını gözləyir. Həmin hesabatda ABŞ hökumətinin müsadirə etdiyi bitkoin ehtiyatları və kriptovalyutaların tənzimlənməsi ilə bağlı yeni çərçivə təqdim olunacaq.
Bundan başqa, Galaxy Digital 20 dəqiqə ərzində 395 milyon dollar dəyərində 3 420 BTC-ni birjalara köçürüb. Bu addım bazarda əlavə təzyiqlərə səbəb olub.
Bu arada Michael Saylor-un rəhbərlik etdiyi Strategy şirkəti səhm buraxılış planını 500 milyon dollardan 2,8 milyard dollara qədər artırıb. Məqsəd – daha çox bitkoin almaqdır.
Altkoinlər isə cümə günü nisbətən sabit qalıb. Ethereum 3 623 dollara qədər yüksəlib, XRP 2,8% bahalaşıb, Cardano isə 3,1% dəyər qazanıb.