MÜSAHİBƏ

15 İyul

AÇG və “Şahdəniz” yataqlarından 660 milyon ton neft, 487 milyard kubmetr qaz hasil olunub

Azərbaycanın ən iri enerji layihələri olan “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən 2025-ci il iyulun 1-dək ümumilikdə 660,1 milyon ton neft (kondensat daxil olmaqla) və 487,1 milyard kubmetr təbii qaz hasil edilib.

Energetika Nazirliyindən Finss.z-a verilən məlumata əsasən, bu müddət ərzində 658,1 milyon ton neft və 180,2 milyard kubmetr qaz ixraca nəql olunub.

AÇG – Azərbaycanın neft nəhəngi

AÇG blokunun işlənməsi üzrə ilk “Əsrin müqaviləsi” 1994-cü ilin 20 sentyabrında imzalanıb. 2017-ci il 14 sentyabr tarixində isə yataqların birgə işlənməsi və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Yeni müqavilə AÇG-nin 2049-cu ilə qədər istismarını nəzərdə tutur. Hazırda bu yataq Azərbaycan neft hasilatının əsas mənbəyi olaraq qalır.

“Şahdəniz” – Azərbaycanın qaz ixracçısına çevrilməsi

“Şahdəniz” yatağı üzrə Kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü sazişi 1996-cı ilin 4 iyununda imzalanıb və 17 oktyabr 1996-cı ildən qüvvəyə minib. 1999-cu ildə kəşf edilən “Şahdəniz” Xəzərin Azərbaycan sektorunda yerləşir və dünyanın ən iri qaz-kondensat yataqlarından biri sayılır.

  • Yatağın ehtiyatları:
  • 1 trilyon kubmetr qaz
  • 243 milyon ton kondensat

Bu layihə Azərbaycanın qaz ixrac edən ölkəyə çevrilməsində həlledici rol oynayıb.

Fuad Mədətov
Finss.az