Finss.az - Bu günədək 707 197 hektar sahədə biçin aparılıb, taxıl üzrə orta məhsuldarlıq 33,7 sentnerə çatıb
Respublikada taxıl biçini davam edir.
Kənd Təsərrüfatı Nazirliyi yanında taxıl biçini ilə əlaqədar yaradılmış Mərkəzi Qərargahın operativ məlumatına görə, iyulun 7-dək ölkə üzrə payızlıq taxıl sahələrinin 76,1 faizində biçin başa çatıb.
Mövsüm ərzində 707 197 hektar sahədə biçin aparılıb, bu sahələrdən 2 386 294 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 33,7 sent/ha təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 sent/ha çoxdur.
İndiyədək mexanizatorlar tərəfindən 311 171 hektar buğda, 396 026 hektar arpa sahəsi biçilib. Bu sahələrdən 1 131 941 ton buğda, 1 254 352 ton arpa yığılıb. Buğda sahələrinin 62,8 faizində, arpa sahələrinin isə 91,2 faizində biçin yekunlaşıb. Orta məhsuldarlıq buğda üzrə 36,4 sent/ha, arpa üzrə isə 31,7 sent/ha təşkil edir.
Artıq Abşeron, Ağdaş, Astara, Bərdə, Cəlilabad, Göyçay, Kürdəmir, Lənkəran, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Tərtər, Ucar və Yevlax rayonlarında biçin tam yekunlaşıb. Ümumilikdə 24 rayonda taxıl biçininin həcmi 95 faizi keçib, o cümlədən 21 rayonda buğda, 39 rayonda isə arpa sahələrinin 95 faizdən çoxu biçilib.
Hazırda biçin prosesində 1 159 kombayn iştirak edir. Bunlardan 467 kombayn “Aqroservis” ASC-nin, 692 kombayn isə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan texnikalardır. Operativ məlumata görə, hazırda ən aktiv biçin Şəki (120 kombayn), İsmayıllı (80 kombayn), Qusar (65 kombayn), Tovuz (61 kombayn), Qazax (54 kombayn), Qəbələ (54 kombayn), Xaçmaz (52 kombayn), Oğuz (50 kombayn), Şamaxı (48 kombayn) və Füzuli (46 kombayn) rayonlarında aparılır.
Respublika üzrə biçin prosesinin optimal müddətdə başa çatacağı proqnozlaşdırılır.