MÜSAHİBƏ

08 İyul

Qarabağ və Şərqi Zəngəzura 21 milyard manatdan çox vəsait ayrılıb - Vüqar Bayramov

Xankəndidə baş tutan sammit yalnız Azərbaycan üçün deyil, 570 milyon əhalisi, 2,7 trilyon dollar nominal və 8,9 trilyon dollar real ÜDM-i olan İƏT ölkələri üçün də mühüm qlobal mesajlar verdi.

Finss.az xəbər verir ki,  bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Sammiti ilə bağlı parlamentin iclasında çıxışı zamanı bildirib.

Deputatın sözlərinə görə, son 10 ildə İƏT-ə üzv ölkələrdə iqtisadi artım orta hesabla 4 faizə yaxın olub. 2023-cü ildə isə bu göstərici 3,7 faiz təşkil edib ki, bu da dünya üzrə qeydə alınan 2,8 faizlik qlobal artımdan yüksəkdir.

V.Bayramov Xankəndidə sammitin keçirilməsini Azərbaycanın geosiyasi gücünün və regionda formalaşan yeni nizamın təsdiqi kimi qiymətləndirib. O, həmçinin qeyd edib ki, Azərbaycan İƏT ölkələri ilə əməkdaşlığın genişləndirilməsini xarici siyasətdə prioritet hesab edir.

Millət vəkili əlavə edib ki, Vətən müharibəsində əldə olunan qələbədən sonra dövlət tərəfindən Xankəndi də daxil olmaqla Qarabağ və Şərqi Zəngəzurun bərpası və inkişafına 21 milyard manatdan artıq vəsait ayrılıb.