MÜSAHİBƏ

01 İyul

Fitch: 2025-ci ildə Azərbaycan büdcəsində kəsir 1,1 milyard manat ola bilər

Finss.az - Beynəlxalq reytinq agentliyi “Fitch” bu il üçün Azərbaycanın dövlət büdcəsinin kəsirinin 0,6 milyard manat səviyyəsində olacağını proqnozlaşdırır.

Agentliyin hesabatına əsasən, gələn il büdcə kəsiri 1,1 milyard manata qədər artacaq.

“Fitch” bu proqnozu aşağıdakı amillərlə əlaqələndirir: büdcədə nəzərdə tutulandan daha aşağı neft qiymətləri, Qarabağın bərpasına yönəlmiş kapital xərcləri, müdafiə və sosial təminat sahələrində təzyiqlərin artması.

Rəsmi statistika məlumat verir ki, 2025-ci ilin yanvar-may aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 17,138 milyard manat, xərcləri isə 13,692 milyard manat təşkil edib. Bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 7,1% və 1,6% artım göstərib.

Büdcə gəlirləri proqnozdan 3,9%, büdcə xərcləri isə proqnozdan 3,5% az icra olunub. Nəticədə, 5 ay ərzində büdcədə 3,446 milyard manat profisit yaranıb ki, bu da bir il əvvəlki göstəricidən 36% çoxdur.

Ekspertlər bildirir ki, kəsirin artması neft qiymətlərinin dalğalanmaları və dövlət xərclərinin artması ilə bağlıdır, lakin ilin ilk beş ayında yaranan profisit büdcənin dayanıqlılığını müəyyən qədər təmin edir.