Finss.az - Azərbaycanın ən iri enerji istehsalçısı “Azərenerji” ASC 2024-cü ili 173.8 milyon manat xalis mənfəətlə başa vurub.
Bu, əvvəlki illə müqayisədə cüzi — 1.3 milyon manat və ya 0.7% azalma deməkdir. Müvafiq məlumatlar şirkətin konsolidasiya edilmiş audit hesabatında yer alıb.
Şirkətin ümumi gəliri 2024-cü ildə 1.47 milyard manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 224 milyon manat və ya 13.2% azalma deməkdir. Əsas azalma enerji satışından gələn gəlirdə baş verib — bu istiqamətdən əldə olunan gəlir 1.69 milyard manatdan 1.43 milyard manata düşüb. Elektrik şəbəkəsinə qoşulma və digər gəlirlər isə ümumilikdə təxminən 39.2 milyon manat olub ki, bu da ümumi göstəriciləri ciddi şəkildə kompensasiya edə bilməyib.
Bununla belə, “Azərenerji” əməliyyat xərclərini optimallaşdıraraq 1.28 milyard manata qədər endirib. Ən böyük qənaət yanacaq və amortizasiya xərcləri üzrə əldə olunub. Ümumi xərclərin 685.8 milyon manatı yanacaq, 293 milyon manatı amortizasiya, 126 milyon manatı isə işçi xərclərinə yönəlib.
Əməliyyat mənfəəti ötən illə müqayisədə 53 milyon manat azalaraq 192 milyon manat təşkil edib. Xarici valyuta daxilolmaları da azalıb — 2023-cü ildəki 160.4 milyon manatdan 2024-cü ildə 130 milyon manata enib. Bununla belə, valyuta zərəri 144 milyon manatdan 67.7 milyon manata düşüb, bu da ümumi maliyyə göstəricilərinin nisbətən sabit qalmasına imkan verib.
Maliyyə xərcləri isə 22 milyon manat səviyyəsində qalaraq əvvəlki ilə nisbətən 3 milyon manat azalıb. Mənfəət vergisi ödənişləri 58.5 milyon manat olub.
2024-cü ilin sonunda “Azərenerji”nin aktivləri 11.3% artaraq 5.91 milyard manata çatıb. Aktiv artımı əsasən tikili və avadanlıqlardan ibarət əsas vəsaitlərdə qeydə alınıb — bu kateqoriya üzrə göstərici 4.86 milyard manat təşkil edib.
Eyni zamanda, cəmi kapital 309.1 milyon manat artaraq 3.09 milyard manata yüksəlib. Artımın əsas səbəbi əlavə ödənilmiş kapitalın artırılması və illərin yığılmış zərərinin azaldılmasıdır. Şirkətin əvvəlki illərdən yığılıb qalmış zərəri isə 1.82 milyard manata qədər enib.
Lakin öhdəliklər də artıb — cəmi öhdəliklər 2.82 milyard manata çatıb. Bu, 289.4 milyon manat və ya 11.4% illik artım deməkdir. Artım əsasən ticarət borcları və vergi öhdəliklərinin artması ilə bağlıdır.
