MÜSAHİBƏ

23 İyun

İki gün ərzində vətəndaşların bank kartlarından 32 min manat oğurlanıb

Finss.az - İyunun 21-i və 22-si tarixlərində vətəndaşların bank kartlarından ümumilikdə 32 min manatdan çox pul vəsaiti oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, göstərilən tarixlərdə daxil olan çoxsaylı müraciətlər əsasında aparılan araşdırmalar nəticəsində bir sıra şəxslərin bank hesablarından qanunsuz pul çıxarılması halları qeydə alınıb. Oğurlanmış məbləğlər arasında 20 000, 9500, 1731, 535, 393, 224, 89 və 72 manat kimi fərqli rəqəmlər yer alır.

DİN bu cür cinayətlərin əsasən naməlum nömrələrdən gələn zənglər və SMS-lər, həmçinin saxta internet saytları və mobil platformalar vasitəsilə həyata keçirildiyini bildirir. Əksər hallarda vətəndaşlar özünü bank və ya dövlət qurumunun əməkdaşı kimi təqdim edən şəxslərə aldanaraq, kart məlumatlarını, PIN və CVV kodlarını, OTP (birdəfəlik təsdiq şifrəsi) kimi həssas məlumatları paylaşırlar.

Nazirlik bir daha vətəndaşlara aşağıdakı təhlükəsizlik qaydalarına əməl etməyi tövsiyə edir:

  • Naməlum nömrələrə cavab verərkən ehtiyatlı olun;

  • SMS və e-poçt vasitəsilə göndərilən şübhəli linklərə daxil olmayın;

  • Heç bir halda bank kartı və mobil bankçılıq məlumatlarınızı paylaşmayın.

DİN qeyd edir ki, bu kimi hallarla üzləşən şəxslər dərhal polis orqanlarına və xidmət göstərən banka müraciət etməlidirlər.