MÜSAHİBƏ

12 İyun

Fəlakət və hərbi əməliyyat nəticəsində məhv olmuş evlərin torpaq sahələrinə dair tənzimləmə müəyyənləşir

Təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yaşayış evləri və çoxmənzilli yaşayış binaları bələdiyyə mülkiyyətində olan torpaq sahələrində tikildiyi hallarda bələdiyyəyə mütənasib dəyərdə dövlət mülkiyyətindən torpaq sahələrinin ayrılması torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətləri sırasına daxil edilir.

Finss.az-ın xəbərinə görə, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Torpaq Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir. Həmin qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı, əhalinin sıxlığı nəzərə alınmaqla, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma layihə sənədlərinə uyğun olaraq, verilən torpaq sahələrinin ölçüləri müəyyən edilir.

Dəyişikliyə əsasən, bu qayda təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) nəticəsində məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi üçün torpaq sahələrinin ayrılması halına şamil edilməyəcək.

Torpaq Məcəlləsinin 74-cü maddəsi (Yanğın, digər qəza və təbii fəlakət hadisəsi nəticəsində tikili dağıldıqda torpaqdan istifadə hüququnun saxlanması) də yeni redaksiyada verilir. Hazırda qüvvədə olan qanuna əsasən, yanğın, digər qəza və təbii fəlakət hadisəsi nəticəsində tikili dağıldıqda, dağılan gündən ən geci iki il keçənədək tikilini bərpa etməyə və ya həmin sahədə yeni tikili ucaltmağa başlanarsa, həmin torpaq sahəsindən istifadə hüququ saxlanılır. Yaşayış məntəqəsinin planlaşdırma və tikinti layihələrində həmin torpaq sahəsindən başqa məqsədlər üçün istifadə edilməsi nəzərdə tutulduğu hallarda dağılmış tikililərin bərpası üçün bu Məcəllə ilə müəyyən edilmiş qaydada başqa torpaq sahəsi verilir.

Torpaq Məcəlləsinin yeni redaksiyada təklif edilən 74-cü maddəsi təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış evləri və ya çoxmənzilli yaşayış binalarının yerləşdiyi torpaq sahələrinə dair tənzimləməni əhatə edəcək. Layihəyə əsasən, təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış evləri və çoxmənzilli yaşayış binalarının (bundan sonra – yaşayış sahələrinin) yerləşdiyi torpaq sahələrində yeni yaşayış sahələrinin tikintisi məqsədəuyğun hesab edilmədikdə həmin torpaq sahəsinin əvəzinə müvafiq məqsədlər üçün torpaq sahələri dövlət ehtiyat fondu torpaqlarından, bu mümkün olmadıqda isə mütənasib dəyərdə bələdiyyə mülkiyyətində olan torpaqlardan ayrılacaq. Tikilinin mülkiyyətçisi bununla razılaşmadıqda və ya nəzərdə tutulmuş torpaq sahəsi olmadıqda məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin yerləşdiyi torpaq sahələri, dəyəri mülkiyyətçiyə ödənilməklə rekvizisiya qaydasında alınacaq.

Təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış sahələrinin həmin torpaq sahələrində tikilməsi aşağıdakı hallar olduqda məqsədəuyğun hesab edilməyəcək:

- məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin yerləşdiyi torpaq sahələrinin gələcəkdə baş verə biləcək təbii fəlakət nəticəsində yaşayış sahələrinin tikintisi baxımından yüksək riskli ərazi olduğu müəyyən edildikdə;

- məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin yerləşdiyi torpaq sahələrinin təyinatı tikinti aparılmasına icazə vermədiyi və ya kommunikasiya xətlərinin mühafizə zonalarında yerləşdiyi müəyyən edildikdə.

Qeyd edilən hallar tikili mülkiyyətçilərinin müraciəti əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) öz təşəbbüsü ilə 30 gün müddətində apardığı araşdırma nəticəsində müəyyən ediləcək. Müraciətin və araşdırmanın nəticəsi olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) göstərilən hallar barədə qərar qəbul edəcək və həmin qərarı 3 gün müddətində tikilinin mülkiyyətçisinə göndərəcək.