Bank of Baku güzəştli ipoteka kreditlərini illik 3.7%-dən başlayan faizlə təklif edir.
Finss.az xəbər verir ki, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən bu kreditlərin maksimal məbləği 100 000 manat, müddəti isə 3 ildən 30 ilə qədərdir. Kreditlər Azərbaycan manatında və aylıq annuitet ödənişi ilə verilir. Kreditin rəsmiləşdirilməsinə görə 0.1% komissiya tutulur.
Güzəştli ipoteka kreditləri yalnız Azərbaycan vətəndaşlarına, Bakı şəhəri və onun qəsəbə və kəndləri, eləcə də ölkənin digər rayonlarında orta bazar qiymətindən artıq olmayan yaşayış sahələrinin alınması üçün nəzərdə tutulub. Kredit məbləği ipoteka ilə təmin olunan yaşayış sahəsinin qiymətinin 90%-indən çox ola bilməz.
Borcalanın aylıq ipoteka ödənişi onun və ailəsinin ümumi gəlirinin 70%-dən çox olmamalıdır. Kreditin son ödəniş tarixinə borcalanın yaşı qanunla müəyyən edilmiş pensiya yaşından yuxarı olmamalıdır.
Kredit ipoteka ilə təmin olunmalı, ipoteka əmlakı müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilməli və dövlət qeydiyyatına alınmalıdır. Həmçinin, ipoteka əmlakı və borcalanın həyatı sığortalanmalıdır.
Güzəştli kreditlər gənc ailə üzvləri, şəhid ailəsi, Milli Qəhrəmanlar və onların ailə üzvləri, məcburi köçkünlər, dövlət qulluqçuları, müəllimlər, müəyyən müddət jurnalistlik fəaliyyətində olanlar, fəlsəfə doktorları və idman sahəsində xüsusi nailiyyətləri olan şəxslərə verilir.
Kredit yalnız üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış yaşayış sahəsinin alınmasına verilə bilər.
Ətraflı məlumat üçün: //www.bankofbaku.com/az/kreditler/ipoteka-krediti/147
Fuad Mədətov
Finss.az