Finss.az - 2025-ci ilin yanvar-may aylarında Rusiyada alkoqollu içkilərin istehsalında ciddi azalma qeydə alınıb.
Rusalqokoltəbəkkontrolun məlumatına əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə araq istehsalı 13,2% azalaraq 25 milyon dekalitr (dal) təşkil edib.
Konyak məhsulları üzrə istehsal 19,5% azalaraq 2,69 milyon dala enib. Likör və araq əsaslı içkilər 6,539 milyon dal səviyyəsində istehsal olunub ki, bu da 3% azalma deməkdir. Ümumilikdə 9 dərəcədən yüksək alkoqol tərkibli içkilərin istehsalı 12,1% geriləyərək 37,41 milyon dal olub.
Mütəxəssislər istehsaldakı azalmaya səbəb kimi tələbatın ötən illə müqayisədə zəifləməsini və 2024-cü ilin sonunda aksiz dərəcələrinin dəyişməsi fonunda ehtiyatların əvvəlcədən formalaşdırılmasını göstərirlər. Qurumun açıqlamasına görə, hazırda bu ehtiyatlar bazarda realizə edildiyi üçün istehsalda tədrici sabitləşmə müşahidə olunur.
Xatırladaq ki, ilin ilk dörd ayında bu sektorda azalma 14,7% təşkil etmişdi. Beş aylıq dövrdə isə azalma tempi 12,1%-ə qədər zəifləyib.
Eyni zamanda, bəzi məhsul qruplarında artım qeydə alınıb. Belə ki, üzüm şərablarının istehsalı 10,4% artaraq 14,699 milyon dala çatıb. Şampan və digər qazlı şərabların istehsalında isə 17,8%-lik artımla 6,012 milyon dal həcmində məhsul buraxılıb.
Digər tərəfdən, etil spirti olmayan üzüm əsaslı içkilərin istehsalı 177,9 min dal səviyyəsindən 37,2 min dala qədər enib. Etil spirti olan analoji içkilər üzrə azalma 55%-dən çox olub – 25,5 min dal səviyyəsindən 11,4 min dala düşüb.
Ən kəskin azalma isə aşağı dərəcəli alkoqollu içkilər seqmentində müşahidə edilib. Bu kateqoriyada istehsal keçən ilin eyni dövrü ilə müqayisədə 8,5 milyon dal səviyyəsindən 599,7 min dala qədər azalıb.
Ümumilikdə, pivə və pivə əsaslı məhsullar, sidr, puare və medovuha istisna olmaqla, Rusiyada beş ay ərzində istehsal olunan alkoqollu içkilərin ümumi həcmi 59,958 milyon dal təşkil edib ki, bu da 2024-cü ilin analoji dövrünə nisbətən 20,4% azalma deməkdir.