Finss.az - 2025-ci ilin yanvar-aprel aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,9 faiz artaraq 26,277.6 milyon manat səviyyəsinə çatıb.
Dövlət Statistika Komitəsinin ən son məlumatlarına görə, hər nəfərə düşən orta gəlir isə 2,568.4 manat təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz çoxdur.
Eyni zamanda, əhalinin sərəncamında qalan gəlirlər 22,748.6 milyon manat olub ki, bu da ötən ilin analoji dövrünə nisbətən 6,9 faiz artım deməkdir.
Əməkhaqqı göstəriciləri yüksəlir
2025-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 10 faiz artaraq 1,083.8 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda daha yüksək olmaqla 4,171.8 manat, qeyri-neft sektorunda isə 1,025.7 manat səviyyəsindədir. Dövlət müəssisələrində çalışanların orta əməkhaqqı 1,053.1 manat, özəl müəssisələrdə isə 1,115.6 manat olmuşdur.
Ən yüksək əməkhaqqı səviyyələri mədənçıxarma sənayesi (3,961.2 manat), maliyyə və sığorta fəaliyyəti (2,630 manat), informasiya və rabitə (1,961.5 manat), elmi və texniki fəaliyyət (1,718.6 manat), həmçinin nəqliyyat və anbar təsərrüfatı (1,604.2 manat) sahələrində qeydə alınıb.
Əhalinin bank əmanətləri artmaqda davam edir
Mərkəzi Bankın məlumatlarına əsasən, 2025-ci ilin aprel ayının 1-nə əhalinin banklardakı əmanətləri 15,074 milyon manat olub ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 14,6 faiz artım deməkdir. Əmanətlərin 66,9 faizi milli valyutada, 33,1 faizi isə xarici valyutada saxlanılır. Milli valyutada olan əmanətlər 18,3 faiz, xarici valyutada olanlar isə 7,9 faiz artıb.
Manatın məzənnəsində stabillik
Aprel ayında milli valutanın ABŞ dollarına qarşı orta məzənnəsi sabit qalaraq 1,70 manat, avroya nisbətdə isə 1,91 manat təşkil edib. Türk lirəsi və rus rublu qarşısında isə manat bir qədər möhkəmlənib.