MÜSAHİBƏ

02 İyun

Azərbaycanla Pakistan arasında ticarət dövriyyəsi 78%-dan çox artıb

2025-ci ilin ilk dörd ayında Azərbaycanla Pakistan arasında ticarət dövriyyəsi 11 milyon ABŞ dollarına çatıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 78,4% artım deməkdir.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu dövrdə Azərbaycanın Pakistana ixracı cəmi 2 min dollar olub. Bu, ötən ilin yanvar-aprel aylarına nisbətən 74 dəfə, yəni 146 min dollar azalma deməkdir. Əvəzində, Pakistanın Azərbaycana ixracı 10,9 milyon dollar təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 1,8 dəfə çoxdur.

Rəqəmlər göstərir ki, ticarət dövriyyəsinin böyük hissəsi Azərbaycanın idxal etdiyi məhsulların payına düşür. Başqa sözlə, Azərbaycan Pakistandan məhsul alır, amma ora məhsul satmır. Bu, tərəflər arasında ticarət balansında ciddi disbalans yaradır.

Qeyd edək ki, 2024-cü il ərzində iki ölkə arasında ticarət dövriyyəsi 22 milyon dollar olub. Bu isə 2023-cü illə müqayisədə 18,3% və ya təxminən 5 milyon dollar azdır. 2023-cü ildə Azərbaycan Pakistana 196 min dollarlıq məhsul ixrac etmişdisə, 2024-cü ildə bu rəqəm cəmi 2 min dollar təşkil edib. Beləliklə, bir ildə ixrac 35 dəfə azalıb. Əks istiqamətdə – Pakistanın ixracında isə 8,6%-lik artım qeydə alınıb.

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycan ümumilikdə 16,9 milyard ABŞ dolları dəyərində xarici ticarət əməliyyatı aparıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 24,1% və ya 3,3 milyard dollar çoxdur.

  • İxrac: 8,785 milyard dollar (7,5% artım)
  • İdxal: 8,133 milyard dollar (48,8% artım)

Lakin bu artıma baxmayaraq, xarici ticarət balansı üzrə müsbət saldo 651,8 milyon dollara qədər enib. Bu isə 2024-cü ilin ilk 4 ayı ilə müqayisədə 4,15 dəfə azalma deməkdir.

Fuad Mədətov
Finss.az