Finss.az - Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “ANC Group” MMC-yə qarşı inzibati iş qaldırıb.
Şirkətə məxsus “Rahat Market” mağazalar şəbəkəsində məhsulun üzərində göstərilən qiymətlə kassadakı satış qiyməti arasında fərq olduğu aşkarlanıb.
Agentlik bu halı istehlakçının hüquqlarının pozulması kimi qiymətləndirib və məsələ 2025-ci ilin mart ayında araşdırılıb. İş, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinə uyğun olaraq İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə açılıb. Bu maddə "Malın hesabına dair istehlakçıların az miqdarda aldadılması" hallarını əhatə edir.
Qanunvericiliyə əsasən, belə pozuntuya yol vermiş hüquqi şəxslər 4 000 manatdan 6 000 manatadək cərimə edilə bilər.
Şirkət haqqında məlumat:
“ANC Group” MMC-nin nizamnamə kapitalı 7 083 000 manat təşkil edir. Şirkətin direktoru Samir Abdullayev Rafiq oğludur. Mülkiyyət strukturu isə aşağıdakı kimidir:
-
10% – Babakişiyev Cəlal Rasim oğlu
-
90% – “ABDA Retail İnvestment Holding LTD”
Agentlikdən verilən açıqlamada bildirilir ki, istehlakçıların hüquqlarının qorunması istiqamətində nəzarət tədbirləri davam etdiriləcək və oxşar halların qarşısının alınması məqsədilə monitorinqlər gücləndiriləcək.