Finss.az -“Araz Supermarket” MMC barəsində Antiinhisar Agentliyi tərəfindən üç dəfə iş qaldırılıb.
Qiymət uyğunsuzluqlarına görə “Veysəloğlu” qrupuna daxil olan marketlər şəbəkəsinə inzibati xətalar protokolu tərtib edilib. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi bu ilin fevral və aprel aylarında “Araz Supermarket” MMC barəsində üç dəfə inzibati xəta işi qaldırıb. Qurum tərəfindən irəli sürülən iddialara əsasən, marketlər şəbəkəsi bəzi qida məhsullarını etiketdə göstərilən qiymətdən daha baha qiymətə satışa çıxarıb.
Hər üç hal üzrə Agentlik “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinə əsaslanaraq, “Malın hesabına dair istehlakçıların az miqdarda aldadılması” əməlinin baş verdiyini müəyyən edib. Bu əməllər İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə tövsif olunub.
Qeyd edilən maddəyə əsasən, hüquqi şəxslər 4 000 manatdan 6 000 manatadək məbləğdə cərimə edilə bilər. Agentliyin baxdığı üç iş üzrə ümumi maliyyə sanksiyasının məbləği ictimaiyyətə açıqlanmasa da, cəza tədbirlərinin tətbiqi gözlənilir.
Məlumat üçün bildirək ki, “Araz Supermarket” MMC-nin nizamnamə kapitalı 7 055 020 manat təşkil edir. Şirkət Azərbaycanın aparıcı distribütor və pərakəndə satış şirkətlərindən biri olan “Veysəloğlu Şirkətlər Qrupu”nun tərkibinə daxildir.