Finss.az - “Payonix” Bank Olmayan Kredit Təşkilatı (BOKT) 2024-cü ili 171 min manat xalis zərərlə başa vurub.
Bu göstərici ötən illə müqayisədə təxminən iki dəfəlik artım deməkdir. Belə ki, 2023-cü ildə şirkətin zərəri 96 min 839 manat olub.
Maliyyə hesabatına əsasən, “Payonix” BOKT 2024-cü ildə cəmi 43 min 479 manat gəlir əldə edib ki, bunun da 42 min 787 manatı müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirlərindən formalaşıb. Müqayisə üçün qeyd edək ki, 2023-cü il şirkətin fəaliyyətə yeni başladığı dövr olduğu üçün gəlir qeydə alınmamışdı.
Əməkhaqqı və digər əməliyyat xərclərində isə ciddi artım müşahidə olunur. 2024-cü ildə əməkhaqqı xərcləri 150 min manatı ötüb, bu da əvvəlki ilin 81 min manatı ilə müqayisədə 84,5% artım deməkdir. Rabitə, kommunal və reklam kimi digər xərclərlə birlikdə ümumi xərclər 214 min 522 manat təşkil edib. Bu isə ötən ilin ümumi xərcləri ilə (96 min 839 manat) müqayisədə təxminən 2,2 dəfə artım anlamına gəlir.
Aktivlər və kapitalda da azalma müşahidə olunub
2024-cü ilin sonuna “Payonix” BOKT-un aktivləri 1 milyon 94 min manata qədər azalıb. Halbuki 2023-cü ilin sonunda bu göstərici 1 milyon 300 min manat səviyyəsində idi – yəni 206 min manat və ya 15,8% azalma qeydə alınıb.
Ən ciddi geriləmə isə pul vəsaitləri üzrə olub. 2023-cü ildə təşkilatın pul vəsaitləri 1 milyon 300 min manat təşkil edirdisə, 2024-cü ilin sonunda bu rəqəm cəmi 184 min manata düşüb.
Bununla belə, “Payonix” 2024-cü ildə ilk dəfə olaraq 490 min manatlıq kredit portfeli formalaşdırıb. Bu, gələcəkdə təşkilatın gəlirlərini artırmaq üçün potensial yaradacaq.
Zərərlərin artması fonunda BOKT-un cəmi kapitalı da azalıb – 1 milyon 203 min manatdan 1 milyon 32 min manata düşüb.