MÜSAHİBƏ

29 May

ARDNF BƏƏ-nin enerji infrastrukturuna 50 milyon dollar investisiya yatırdı

Finss.az - Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə yerləşən “Lunate Capital” şirkətinin idarə etdiyi ixtisaslaşmış investisiya fondu vasitəsilə “ADNOC Gas Pipeline Assets LLC” (AGPA) şirkətinə 50 milyon ABŞ dolları həcmində sərmayə yatırıb.

Fonddan verilən məlumata görə, bu investisiya qurumun dayanıqlı və gəlir gətirən infrastruktur aktivlərinə yatırımlarla portfel diversifikasiyası strategiyasına uyğun şəkildə həyata keçirilib. Eyni zamanda Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) regionu ilə iqtisadi əlaqələrin genişləndirilməsinə xidmət edir.

Yatırım, “Lunate” şirkətinin özəl bazar investisiyaları sahəsindəki zəngin təcrübəsi və regional əlaqələri çərçivəsində reallaşdırılıb. Bu, şirkətin müştərilərinə yüksək gəlir potensialına malik investisiya imkanları təqdim etmək qabiliyyətini əks etdirir.

AGPA şirkəti BƏƏ-nin ən strateji enerji infrastrukturu obyektlərindən biri sayılır və ölkənin enerji sistemində sabit fəaliyyətin təmin edilməsində mühüm rol oynayır. AGPA ilə ADNOC arasında imzalanmış uzunmüddətli istifadə müqaviləsi qaz nəqli üzrə müəyyən olunmuş həcmlər əsasında sabit və proqnozlaşdırıla bilən gəlir axınını təmin edir. Şirkət, 982 kilometr uzunluğa malik, 38 boru kəmərindən ibarət qaz şəbəkəsini idarə edir. Bu şəbəkənin 12-si satış qazı, 15-i qaz injeksiyası, 11-i isə maye qazın daşınması məqsədilə istifadə olunur.

ARDNF-nin İnvestisiya departamentinin direktoru Fərhad Zeynalov bildirib:
“AGPA uzunmüddətli perspektivdə yüksək gəlir potensialı ilə yanaşı strateji əhəmiyyətə malik yüksək keyfiyyətli infrastruktur aktividir. Biz 'Lunate' şirkəti ilə əməkdaşlıqdan və Körfəz regionundakı fəaliyyətimizi daha da genişləndirən bu investisiya imkanından məmnunuq.”

“Lunate” şirkətinin Baş tərəfdaşı Nabel Qadir isə bildirib:
“ARDNF-ə BƏƏ-nin enerji infrastrukturu üçün strateji əhəmiyyət kəsb edən ADNOC qaz kəmərlərinə investisiya imkanı təqdim etməkdən böyük məmnuniyyət hissi duyuruq. Bu yatırım 'Lunate' şirkətinin müştəriləri və tərəfdaşları üçün fərdi yanaşmaya əsaslanan yüksək gəlir potensialına malik investisiya həlləri təqdim etmək bacarığını nümayiş etdirir."