MÜSAHİBƏ

23 May

Azərbaycan iqtisadiyyatına xarici investorların marağı 19,4% yüksəlib

2025-ci ilin yanvar-mart aylarında xarici maliyyə mənbələrindən əsas kapitala 0,9 milyard manat investisiya qoyulub.

Finss.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 19,4% artıb. Xarici mənbələrdən əsas kapitala yönəldilən investisiyalar ümumi investisiyaların 27,4%-ni təşkil edib.

Rüb ərzində əsas kapitala yönəldilən xarici vəsaitlərin 98,7%-i Birləşmiş Ərəb Əmirlikləri, Birləşmiş Krallıq, Türkiyə, İsveçrə, Rusiya, ABŞ, Yaponiya, İran, Fransa, Macarıstan və Hindistan kimi ölkələrin və beynəlxalq təşkilatların sərmayədarlarına məxsusdur.

Məlumatda qeyd edilir ki, Azərbaycan iqtisadiyyatına investisiya qoyan ölkələr arasında ənənəvi xarici ticarət tərəfdaşları üstünlük təşkil edir. Xarici investisiya axınlarının davam etməsi ölkənin qlobal iqtisadiyyata inteqrasiyasının dərinliyini və beynəlxalq investorların ölkəyə olan marağını göstərir.

Fuad Mədətov
Finss.az