Bakıda mənzil qiymətlərində müşahidə olunan artım təkcə bazar balansı ilə deyil, həm də iqtisadi və sosial amillərlə sıx bağlıdır.
Bu barədə Finss.az-a Azərbaycan Qiymətləndiricilər Palatası tərəfindən məlumat verilib.
Ekspertlərin fikrincə, son bir ildə qiymət artımına təsir göstərən əsas faktorlar aşağıdakılardır:
Tikinti xərclərinin artması
İlk növbədə, tikinti materiallarının və işçi qüvvəsinin bahalaşması yeni mənzillərin maya dəyərinin yüksəlməsinə səbəb olur. Bu isə satış qiymətlərinə birbaşa təsir göstərir.
Manatın stabil alıcılıq qabiliyyəti
Manatın son illərdə nisbi sabitliyi, vətəndaşların daşınmaz əmlakı riskdən kənar sərmayə aləti kimi görməsinə səbəb olub. Bu da mənzil bazarına olan tələbatı artıran əsas səbəblərdəndir.
Bank əmanətləri üzrə faizlərin aşağı olması
Ənənəvi yatırım aləti olan bank əmanətlərinin faizlərinin aşağı olması, xüsusilə inflyasiya fonunda, vətəndaşların kapitalını daşınmaz əmlak vasitəsilə qorumağa çalışmasına yol açıb. Beləliklə, mənzil almaq həm investisiya, həm də təhlükəsizlik vasitəsi kimi dəyərləndirilir.
“Pilot layihələr”in psixoloji təsiri
Köhnə binaların sökülüb yenilənməsi üzrə həyata keçirilən “pilot layihələr”, gələcəkdə bəzi ərazilərdə mənzil qıtlığı və ya qiymət artımı ilə bağlı gözləntilər formalaşdırır. Bu da hazırda mənzil alanların sayını artıraraq qiymətləri yuxarıya doğru itələyir.
İpoteka kreditlərinin davam etməsi
Dövlət tərəfindən dəstəklənən ipoteka kreditləri, xüsusilə gənc ailələr və ilk dəfə ev alanlar üçün əlçatanlıq imkanları yaradır. Bu da bazarda alıcı sayını artıraraq əlavə tələbat formalaşdırır.
Fuad Mədətov
Finss.az