MÜSAHİBƏ

15 May

Bakıda təkrar mənzil bazarında alqı-satqı həcmi 15–20% artıb

2024-cü ilin aprel ayından 2025-ci ilin eyni dövrünə qədər olan müddətdə Bakı şəhərinin təkrar mənzil bazarında əhəmiyyətli qiymət artımı və struktur dəyişiklikləri müşahidə olunub.

Bu barədə Finss.az-a Azərbaycan Qiymətləndiricilər Palatasından məlumat verilib.

Statistik göstəricilərə əsasən, ötən bir il ərzində təkrar mənzil bazarında qiymətlər orta hesabla 10–15% bahalaşıb. Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə, 2025-ci ilin ilk rübündə mənzil qiymətləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,4% artım göstərib.

Təhlillər göstərir ki:

  • Yeni tikililərdə illik qiymət artımı 10–15% intervalında olub,
  • Köhnə tikililərdə isə bu artım 9–12% civarında dəyişib.

Bununla yanaşı, bazarda təklif həcmi də 15–20% artıb, yəni alqı-satqı üçün bazara daha çox mənzil çıxarılıb. Xüsusilə, 2024-cü ilin ilk yarısında notariat qaydalarının sərtləşməsi səbəbilə müşahidə olunan durğunluq, ilin ikinci yarısından etibarən aradan qalxıb və bazarda aktivlik xeyli artıb.

Nəticə etibarilə, 2025-ci ilin aprel ayında bazarda həm qiymətlər, həm də alqı-satqı həcmləri əvvəlki ilin eyni dövrünə nisbətən daha yüksək olub. Ekspertlər bu tendensiyanı bazarın durğunluq mərhələsindən çıxaraq yenidən bahalaşma dövrünə keçməsi kimi qiymətləndirirlər.

Fuad Mədətov
Finss.az