MÜSAHİBƏ

12 May

Səhm dəyərləri enəndə nə etməli? – Elçin Məmmədovdan AÇIQLAMA

Səhmlərin bazar dəyəri bir çox amillərin təsiri ilə tez-tez dəyişir. Bu dəyişkənlik səbəbindən investorlar hər zaman potensial zərər riski ilə üz-üzədir. Belə ki, əgər bir investor müəyyən səhmi alıbsa və sonradan bu səhmin bazar qiyməti ilkin aldığı qiymətdən aşağı düşərsə, bu zaman o, maliyyə itkisi ilə qarşılaşa bilər. Məhz belə hallarda investorların bu riskdən qorunması üçün istifadə etdikləri maliyyə alətlərindən biri də put opsiondur.

Bu barədə “ABB İnvest İnvestisiya Şirkəti” QSC-nin Biznesin İnkişafı departamentinin direktoru Elçin Məmmədov Finss.az-a açıqlamasında məlumat verib.

E.Məmmədovun sözlərinə görə, put opsion – investorun əlində olan səhmi əvvəlcədən razılaşdırılmış qiymətlə və müəyyən olunmuş vaxt ərzində satmaq hüququ verən törəmə maliyyə alətidir. Bu hüquq, investorun bazarda qiymət enişi baş verdiyi təqdirdə, səhmlərini daha yüksək qiymətə sataraq zərərdən yayınmasına imkan yaradır. Başqa sözlə, put opsion, investorun səhmin qiyməti müəyyən bir həddən aşağı düşdüyü hallarda belə, onu əvvəlcədən razılaşdırılmış qiymətə satmaq hüququnu təmin edir və bu da praktik olaraq bir növ maliyyə “sığortası” kimi çıxış edir.

Put opsionların müəyyən şərtləri var. Belə ki, bu alət, adətən, yalnız aktiv şəkildə ticarət olunan və qeyri-spekyulativ xarakter daşıyan səhmlər üçün təqdim edilir. Yəni yüksək riskli, dəyişkən və ya manipulyasiyaya açıq olan səhmlər üçün put opsion təklif olunmur.

İnvestor put opsionu əldə edərkən bir dəfəlik ödəniş edir ki, bu ödəniş "premium" adlanır. Bu premium, investorun put opsiondan istifadə edib-etməməsindən asılı olmayaraq, öncədən ödənilən haqqdır. Yəni bu alət həm qorunma təmin edir, həm də müəyyən xərc yaradır – sığorta prinsipi kimi.

Qısacası, bazarda qiymət dalğalanmaları fonunda put opsionlar investorların zərəri minimuma endirmələri və risklərini sığortalı şəkildə idarə etmələri üçün effektiv vasitə hesab olunur.

Bu cür törəmə alətlər xüsusilə bazar qeyri-müəyyən olduqda və ya investorların bazarda koreksiya (dəyərin enməsi) gözləntiləri yüksək olduqda aktual hesab edilir.

İnvestorlar bu aləti istifadə etməzdən əvvəl onun mexanizmini və risklərini tam başa düşməli və investisiya qərarlarını buna uyğun verməlidirlər.

Fuad Mədətov
Finss.az