MÜSAHİBƏ

29 Aprel

ARDNF-in aktivləri artıb: Büdcəyə 159,5 milyard manat köçürüb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2025-ci il 31 mart tarixinə qədər ümumi 159 552,2 milyon manat həcmində vəsaiti dövlət büdcəsinə transfert edib.

Bu barədə Finss.az Dövlət Neft Fonduna istinadən məlumat verib.

Yanvar-mart ayları ərzində isə ARDNF 2025-ci il büdcəsinin icrası çərçivəsində dövlət büdcəsinə 3 620,3 milyon manat vəsait transfert edib.

31 mart 2025-ci il tarixinə olan məlumatlara görə, ARDNF-nin aktivləri 2024-cü ilin sonuna (60 031,4 milyon ABŞ dolları) nisbətən 4,5% artaraq 62 740,2 milyon ABŞ dolları təşkil edib.

Qeyd edək ki, ARDNF 1999-cu il 29 dekabr tarixində təsis edilib və neft və qazdan əldə edilən gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini və gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi qurumdur. Fondu büdcədənkənar, ayrıca dövlət təsisatı kimi fəaliyyət göstərir. ARDNF-nin fəaliyyətinin əsas prinsiplərindən biri şəffaflıqdır. Bu dövr ərzində Fond institusional olaraq yüksək səviyyədə inkişaf edərək beynəlxalq səviyyəli maliyyə təşkilatına çevrilib.

Fuad Mədətov
Finss.az