Finss.az - Ötən il Azərbaycanda məişət tullantılarından istifadə hesabına 232,5 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.
Bu göstərici əvvəlki illə müqayisədə 4,3 faiz artım deməkdir. Məlumatı Dövlət Statistika Komitəsi yayıb.
Rəsmi statistikaya əsasən, 2024-cü il ərzində ölkədə 4,4 min ton, yəni əvvəlki illə müqayisədə 6,8 faiz çox tullantı əmələ gəlib. Yaranan tullantıların 69,3 faizini bərk məişət tullantıları, 30,7 faizini isə müəssisələrin istehsal fəaliyyəti nəticəsində formalaşan tullantılar təşkil edib.
Komitənin hesabatında qeyd olunur ki, ötən il yaranmış 3 milyon 25 min ton bərk məişət tullantısının 80,5 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınıb. 19,2 faizi enerji istehsalında istifadə olunub, 0,3 faizi isə ölkə daxilində satışa çıxarılıb.
Eyni zamanda, sənaye və iqtisadiyyatın digər sahələrində yaranmış istehsalat tullantılarının 22,2 faizi müəssisələrdə xammal kimi istifadə edilib, 15,3 faizi ölkə daxilində satılıb, 1,4 faizi ixrac olunub. 11,6 faiz tullantı poliqonlara daşınaraq zərərsizləşdirilib, 49,5 faizi isə müəssisələrdə qalmaqda davam edir.
Məruzəyə görə, 2024-cü ildə müəssisələrin istehsal fəaliyyəti nəticəsində 260,2 min ton təhlükəli tullantı yaranıb. Bu rəqəm ümumi tullantıların 6 faizinə bərabərdir. Təhlükəli tullantıların 71,9 faizi əsasən mədənçıxarma sənayesi müəssisələrinin payına düşüb və bu tullantıların böyük hissəsi Bakı şəhərində formalaşıb.
Qeyd edək ki, ötən il əvvəlki illərdən qalan qalıqlar da nəzərə alınmaqla, 115,7 min ton təhlükəli tullantı tamamilə zərərsizləşdirilib.