MÜSAHİBƏ

25 Aprel

SOCAR-ın Kulevi terminalı Gürcüstandakı ilk neft emalı zavodu ilə əməkdaşlıq edəcək

SOCAR-ın Qara dəniz sahilində yerləşən Kulevi terminalı, Gürcüstanda inşa edilən ilk neft emalı zavodu (NEZ) ilə əməkdaşlığa başlayacaq.

Finss.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama "GLENMAR Group"un təşkil etdiyi “Xəzər və Mərkəzi Asiya Neft Treydinqi və Logistikası Forumu”nda terminalın baş direktoru İlqar Əlizadə tərəfindən verilib.

İ.Əlizadənin sözlərinə görə, ötən ildən Kulevi terminalının cəmi üç kilometrliyində Gürcüstanın ilk NEZ-i tikilməyə başlanılıb. Layihənin ilk mərhələsi üzrə zavodun illik istehsal gücü 1,1 milyon ton, ikinci mərhələdə isə bu göstərici 3,5 milyon tona çatdırılacaq. Zavodun ikinci mərhələsinin 2026-2027-ci illərdə istismara verilməsi nəzərdə tutulur.

“Biz Kulevi terminalı olaraq zavoda daxil olan bütün yükləri qəbul edəcək, zavoddan çıxan məhsulları isə ixrac üçün yükləyəcəyik”, – deyə terminal rəhbəri qeyd edib.

İ.Əlizadə əlavə edib ki, hazırda terminalda genişləndirmə layihələri davam edir. Bu çərçivədə dörd 20 000 kubmetrlik yeni çən tikilərək ümumi çən tutumu 487 000 kubmetrə çatdırılacaq.

“Terminalda həyata keçirilən bütün mühüm infrastruktur layihələri SOCAR Midstream şirkəti tərəfindən icra olunur”, – deyə o bildirib.

Planlara həmçinin 2027-ci ildən etibarən terminal ərazisində dalğaqıran və əlavə yanalma körpülərinin tikintisi də daxildir.

Fuad Mədətov
Finss.az