Finss.az - ABŞ-ın nəhəng texnologiya və maliyyə şirkətlərinin rəhbərləri – Meta-nın rəhbəri Mark Zukerberq, Oracle şirkətinin CEO-su Safra Kaats və JPMorgan Chase Co-nun baş icraçı direktoru Ceymi Deymon – ABŞ-ın prezidenti Donald Trampın tariflərlə bağlı açıqlamalarından əvvəl milyardlarla dollar dəyərində səhmlərini nağdlaşdırıblar.
Birinci rübdə Mark Zukerberq ümumilikdə 1,1 milyon ədəd Meta səhmini sataraq 733 milyon dollar gəlir əldə edib. Bu satışlar əsasən yanvar və fevral aylarında həyata keçirilib – həmin vaxt Meta-nın səhmləri 600 dolları keçmiş, 14 fevralda isə 736 dollarla rekord səviyyəyə çatmışdı. Lakin sonradan bazardakı eniş fonunda Meta səhmləri 32% dəyər itirib.
Oracle şirkətinin rəhbəri Safra Kaats da diqqətçəkən satış həyata keçirib. O, ümumilikdə 3,8 milyon Oracle səhmi sataraq 705 milyon dollar qazanc əldə edib. Bu gəlir onun ümumi sərvətini Bloomberg Milyarderlər İndeksinə əsasən 2,4 milyard dollara çatdırıb.
JPMorgan Chase Co-nun baş direktoru Ceymi Deymon isə rüb ərzində 234 milyon dollar dəyərində səhmlərini satıb. Onun ümumi sərvəti hazırda 3 milyard dollar olaraq qiymətləndirilir.
Ekspertlər bu iri həcmli satışların Trampın proteksionist iqtisadi siyasətə qayıdacağı ehtimalı fonunda risklərin minimuma endirilməsi cəhdi olduğunu bildirirlər. Səhm satışlarının zamanlaması insayder tənqidlərini də gündəmə gətirib.