2024-cü ildə Azərbaycan Mərkəzi Bankı tərəfindən maliyyə-bank sisteminə etimadın qorunması, risklərin azaldılması, idarəetmə potensialının və şoklara qarşı dayanıqlığın artırılması əsas prioritetlər kimi müəyyən edilib.
Finss.az xəbər verir ki, bu barədə məlumat AMB-nin 2024-cü il üzrə Maliyyə Sabitliyi Hesabatında yer alıb.
Mərkəzi Bankın həyata keçirdiyi makroprudensial siyasət, tənzimləmə və nəzarət tədbirləri nəticəsində maliyyə sektorunun bütün seqmentlərində sabit fəaliyyət təmin olunub, maliyyə sisteminin dayanıqlığı daha da gücləndirilib.
Hesabat dövründə Bank sektoru üzrə makroprudensial siyasət çərçivəsi və “Risk əsaslı nəzarət üzrə Siyasət” konsepsiyası sənədləri təsdiqlənərək ictimaiyyətə təqdim olunub. Bu sənədlər bank sektorunun risklərə qarşı daha dayanıqlı fəaliyyətini təmin etməyə yönəlib.
2024-cü il ərzində bank sektorunda maliyyə vasitəçiliyi funksiyası daha da dərinləşib. Aktiv kreditləşmə fəaliyyəti davam edib və sektorun balanslarının genişlənməsi müddətli depozitlər hesabına dayanıqlı maliyyələşmə ilə dəstəklənib.
Bununla yanaşı, kredit portfelində müşahidə olunan artım fonunda tənzimləmə çərçivəsi təkmilləşdirilib, kredit təşkilatlarının risklərin idarə edilməsi sahəsində fəaliyyəti gücləndirilib ki, bu da kredit risklərinin azalması ilə nəticələnib.
Fuad Mədətov
Finss.az