MÜSAHİBƏ

14 Aprel

Apple Hindistanda iPhone istehsalını 60% artırdı

Finss.az - Texnologiya nəhəngi Apple istehsal proseslərini şaxələndirmək strategiyası çərçivəsində Çin zavodlarından asılılığını azaltmaq üçün addımlar atmağa davam edir.

Bloomberg-in məlumatına görə, 2024-cü ildə şirkət Hindistanda ümumi dəyəri 22 milyard ABŞ dolları olan iPhone istehsal edib. Bu, əvvəlki illə müqayisədə təxminən 60% artım deməkdir.

Apple-ın Hindistandakı əsas istehsal tərəfdaşları FoxconnTata Group olaraq qalır. Bu şirkətlər öz istehsal güclərini artırmaqla yanaşı, logistika zəncirlərini də optimallaşdırırlar. Hökumətin dəstəyi və sərmayə təşviqi proqramları ilə Hindistan, Apple üçün əsas alternativ istehsal mərkəzinə çevrilməkdədir.

Eyni zamanda, ABŞ və Çin arasında artan ticarət gərginliyi qlobal texnologiya sektoruna təsirsiz ötüşmür. İkitərəfli gömrük rüsumları nəticəsində smartfonlar, oyun konsolları, məişət texnikası və hətta borsuq dərisi kimi məhsullar yüksək rüsumlarla üzləşib.

Ən çox zərər görən məhsullardan biri də iPhone-lardır. 2024-cü ildə bu cihazlar Çindən ABŞ-a edilən idxalın ən böyük hissəsini təşkil edərək 41 milyard dollara çatıb.

Analitiklərin fikrincə, Apple və digər texnologiya nəhəngləri bu riskləri azaltmaq üçün istehsal proseslərini müxtəlif regionlara yaymaqda qərarlıdır. Hindistan isə bu prosesin əsas qalibinə çevrilir.