MÜSAHİBƏ

09 Aprel

Sığorta bazarında tələblərə cavab verməyən məhsul yoxdur - Emil Ağabağırov

Hazırda Azərbaycanda bazar tələblərinə və real ehtiyaclara uyğun olaraq müxtəlif sığorta növləri mövcuddur. Sığorta mexanizmləri məhsulun xaricdən sifarişindən başlayaraq, daşınması, ölkə daxilində anbarlarda saxlanması və satış nöqtələrinə çatdırılması mərhələlərinin hər birini əhatə edir.

Bunu Finss.az-a açıqlamasında sığorta eksperti Emil Ağabağırov bildirib.

Ekspertin sözlərinə görə, son illər ərzində sığorta sektoru həm məhsul müxtəlifliyi, həm də funksionallıq baxımından ciddi inkişaf göstərib. Ən mühüm yeniliklərdən biri isə kiber risklərə qarşı sığortadır:

“Bu, kiberhücumlara məruz qalan şirkətlər və fərdi sahibkarlar üçün mühüm əhəmiyyət daşıyır. Hücumlar nəticəsində e-poçt ünvanlarının, parolların sındırılması, saytların ələ keçirilməsi kimi hallar ciddi risklər yaradır və bu risklərin qarşısını almaq üçün artıq sığorta təminatı mövcuddur.”

E.Ağabağırov onu da qeyd edib ki, aqrar sığorta sahəsində də əhəmiyyətli yeniliklər müşahidə olunur. Fermerlər artıq bitkiçilik sahəsində donma riskinə qarşı sığortalanma imkanı əldə edirlər. Bu, kənd təsərrüfatı sektorunda məhsuldarlığın və risk idarəetməsinin artırılmasında mühüm rol oynayır:

“Hesab etmirəm ki, hazırda sığorta bazarında tələblərə cavab verməyən hər hansı bir sığorta növü mövcuddur. Azərbaycanda mövcud olan sığorta növləri həm ehtiyaclara cavab verir, həm də olduqca vacib və funksional xarakter daşıyır.”

Onun fikrincə, istər biznes subyektləri, istərsə də fərdi sahibkarlar, mövcud sığorta imkanlarından daha geniş şəkildə istifadə etməlidirlər:

“Bu çərçivədə həm icbari, həm də könüllü sığorta növləri barədə kifayət qədər geniş şəkildə danışmaq mümkündür. Əsas məsələ bu məhsulların düzgün təqdimatı və maarifləndirilməsidir.”

Fuad Mədətov
Finss.az