Finss.az - ABŞ Ədliyyə Nazirliyi rəqəmsal aktivlər sahəsində cinayətlərin araşdırılması və təqibi məqsədilə yaradılmış Kriptovalyutalara Qarşı Mübarizə üzrə Milli Qrupun fəaliyyətinə son qoyduğunu elan edib.
Bu qərar, Tramp administrasiyasının federal qurumların fəaliyyətini optimallaşdırmaq və maliyyə sektorunda nəzarəti azaltmaq təşəbbüsü çərçivəsində verilib.
Qrupun əsas fəaliyyəti kriptovalyutalardan qeyri-qanuni istifadə hallarını, o cümlədən pul yuyulması və kibercinayətlər kimi sahələri əhatə edirdi.
Ədliyyə nazirinin müavini Todd Blanş əməkdaşlara diqqəti rəqəmsal aktivlərə investisiya edən şəxsləri aldadan cinayətkarların məsuliyyətə cəlb olunmasına yönəltməyi tapşırıb.
Qrupun ləğvi kriptovalyuta sahəsində ümumi tənzimləmə siyasətindən, fırıldaqçılıqla məşğul olanların təqibinə keçidi simvolizə edir. Tramp administrasiyasının mövqeyinə görə, həddindən artıq normativ tənzimləmə kriptovalyuta innovasiyalarının qarşısını alır.
Qeyd edək ki, bu qrup daha əvvəl 110 milyon dollar dəyərində ticarət protokolunun sındırılmasında ittiham olunan Avraam Ayzenberqin tutulmasına və 1 milyard dollardan çox vəsaitin yuyulmasında istifadə olunduğu iddia edilən Tornado Cash kriptomikserinin yaradıcılarının saxlanılmasına nail olmuşdu.
Xatırladaq ki, 22 mart tarixində ABŞ Maliyyə Nazirliyi Tornado Cash-ə qarşı tətbiq olunan iqtisadi sanksiyaları ləğv edərək bu kriptomikseri və onunla əlaqəli bir neçə ünvanı "qara siyahı"dan çıxarıb.