MÜSAHİBƏ

07 Aprel

Elçin Əkbərov: "Ölçə bilmədiyin şeyi idarə edə bilməzsən"

Biznes konsultantları, müəssisə sahibləri və idarəçiləri ilə birgə işləyərək biznesin effektivliyini artırmağa, genişlənməsinə və pozitiv momentumu qoruyub saxlamağa çalışırlar. Biznes konsaltinqi, müəssisələrə daha səmərəli və rəqabətqabiliyyətli fəaliyyət göstərməyə kömək edən peşəkar məsləhət xidmətidir. Əsas məqsədi müştərilərin biznes proseslərini optimallaşdırmaq, riskləri azaltmaq və strateji qərarların daha effektiv qəbul edilməsinə dəstək olmaqdır.

“Consulting Group” MMC-nin həmtəsisçisi və iqtisadçı Elçin Əkbərov Finss.az-a açıqlamasında bildirib ki, dünyamız dəyişir və biznes dünyası da paralel olaraq daim dəyişir.

Onun sözlərinə görə, bu dəyişikliyə uyğunlaşan konsaltinq sektoru yeni həllər və yanaşmalar təqdim edir.

E.Əkbərov bildirib ki, son illərdə müşahidə olunan əsas tendensiyaları nəzərə alaraq, biznes konsaltinqi aşağıdakı əsas xidmət sahələrində inkişaf edir:

  1. Strateji İdarəetmə və Planlaşdırma
    Biznesin uzunmüddətli məqsədlərini müəyyənləşdirib həyata keçirmək üçün planlar hazırlamaq vacibdir. Strateji idarəetmə şirkətlərə resurslarını düzgün bölüşdürmək, bazardakı dəyişikliklərə çevik reaksiya vermək və dayanıqlı inkişaf üçün planlı addımlar atmaq imkanı yaradır. Effektiv strategiya üç əsas mərhələdən ibarətdir:

  • Analiz və Qiymətləndirmə: SWOT (güclü və zəif tərəflər, imkanlar və təhdidlər) analizi aparılmalıdır.
  • Planlaşdırma: Qısa və uzunmüddətli məqsədlər müəyyən edilməli, əsas fəaliyyət istiqamətləri formalaşdırılmalıdır.
  • İcra və Monitorinq: Strategiyanın effektiv icrası üçün KPI-lar təyin olunmalı və davamlı nəzarət mexanizmləri yaradılmalıdır.
  1. Maliyyə Konsaltinqi və Audit
    Büdcə idarəçiliyi, maliyyə hesabatlarının təhlili, risklərin idarə edilməsi və vergi optimallaşdırılması kimi xidmətlər biznesin sağlam maliyyə bazası üzərində inkişaf etməsini təmin edir. Peter Drucker’in "ölçə bilmədiyin şeyi idarə edə bilməzsən" ifadəsini nəzərə alaraq, maliyyə məsələləri hər zaman strateji əhəmiyyət daşıyır.

  2. Marketinq və Satış Strategiyaları
    Güclü bir brend yaratmaq, bazar ehtiyaclarını düzgün analiz etmək və müştəri davranışlarını öyrənmək uğurlu satış strategiyalarının əsasını təşkil edir. Harvard Business School-un araşdırmalarına görə, müştəri davranışlarını düzgün analiz edən və hədəf bazarına uyğun strategiya quran şirkətlər satışlarını orta hesabla 20-30% artırır.

  3. İnsan Resursları və Təşkilati İnkişaf
    İşçi performansının artırılması, motivasiya sistemlərinin qurulması və daxili siyasətlərin formalaşdırılması iş mühitini daha məhsuldar edir. Qari Bekkerin sözləri ilə desək, "İnsan kapitalına edilən investisiya, şirkətin uzunmüddətli uğuruna ən böyük töhfə verən amillərdəndir." Şirkətlərin işçi resurslarına fokuslanaraq, daha çevik və davamlı inkişafı təmin etməsi çox önəmlidir.

  4. ESG (Ətraf Mühit, Sosial Məsuliyyət və Korporativ İdarəetmə)
    Müasir biznes dünyasında ESG prinsipləri strateji qərarların mühüm hissəsinə çevrilib. ESG-yə yatırım edən şirkətlər uzunmüddətli perspektivdə 15-25% daha yüksək gəlir əldə edirlər. ESG-nin əsas komponentləri:

  • Ətraf Mühit (Environmental): Karbon emissiyalarının azaldılması, enerji səmərəliliyi, tullantıların idarə edilməsi.
  • Sosial Məsuliyyət (Social Responsibility): İşçi haqlarına riayət, inklüzivlik, sosial layihələr.
  • Korporativ İdarəetmə (Governance): Şəffaflıq, etika qaydalarına riayət, effektiv risk idarəetməsi.

E.Əkbərov onu da qeyd edib ki, dünyadakı böyük investisiya fondları ESG göstəricilərini yüksək olan şirkətlərə üstünlük verir.

"Biznes konsaltinqi, bu xidmət sahələrində təqdim etdiyi yeni yanaşmalar və strateji həllərlə bizneslərin uğurlu inkişafını dəstəkləyir. Müasir iş mühitində bu sahənin rolunun artması, müəssisələrin çevik və dayanıqlı şəkildə fəaliyyət göstərməsini təmin edir".

Fuad Mədətov
Finss.az