Yerli sığorta bazarı, xüsusilə son beş ildə əhəmiyyətli inkişaf mərhələsi keçib. Sektor üzrə dövri icmal göstəricilərində yığımların davamlı artması da bunun bariz nümunəsidir.
Bu barədə Finss.az-a açıqlamasında Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) icraçı direktoru Elmar Mirsalayev bildirib.
Onun sözlərinə görə, son dörd ilin nəticələrinə nəzər yetirdikdə görürük ki, sığorta bazarı 2021-ci ildə 16%, 2022-ci ildə 18%, 2023-cü ildə 26%, 2024-cü ildə isə 11% böyüyüb:
“Sevindirici haldır ki, bütün bu illər ərzində böyümə prosesində icbari sığorta növləri ilə yanaşı könüllü sığorta məhsulları da aktiv iştirak edib. Ümumilikdə bazarın bütün seqmentləri inkişafda mühüm rol oynayıb.
Təbii ki, bu inkişafın əsas səbəblərindən biri sığorta sektorunun requlyativ orqanı olan Azərbaycan Mərkəzi Bankının uğurla tətbiq etdiyi nəzarət və tənzimləmə siyasəti, həyata keçirilən zəruri sektorial islahatlar və ölkə ərazisində son dörd il ərzində aparılan sistemli sığorta maarifləndirməsi işləridir”.
E. Mirsalayev əlavə edib ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə Sosial-İqtisadi İnkişaf Strategiyası” və “Azərbaycan-2030: Milli Prioritetlər” sənədlərində yerli sığorta sektorunun böyüməsi ilə bağlı 10%-lik hədəf müəyyən edilib:
“Lakin son illərdə qeydə alınan böyümə göstəricilərinə nəzər yetirdikdə görürük ki, sığorta bazarı bu hədəfi bir neçə dəfə üstələyərək inkişafını davam etdirir”.
O, sığorta yığımlarının ÜDM-dəki çəkisinin artmasını da müsbət məqam kimi qeyd edib:
“2023-cü ildən etibarən sığorta yığımlarının qeyri-neft sektoru üzrə ÜDM-dəki payı 2%-ə yaxınlaşıb. Düşünürəm ki, sığorta sahəsində maarifləndirmə tədbirlərinin davamlılığı və islahatların sistemli icrası gələcəkdə bu göstəricilərin daha da yüksəlməsinə imkan verəcək”.
Fuad Mədətov
Finss.az