Bu ilin yanvar ayında Azərbaycana Türkmənistandan 42,6 milyon kubmetr həcmində təbii qaz idxal edilib.
Finss.az Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlar əsasən xəbər verir ki, bu həcmdə təbii qaz idxalına çəkilən xərc 6,4 milyon ABŞ dolları olub.
Türkmənistandan qaz idxalı ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 118,7 milyon kubmetr və ya 3,8 dəfə, dəyər ifadəsi ilə 17,8 milyon ABŞ dolları, yaxud da 3,8 dəfə azalıb.
Belə ki, 2024-cü ilin yanvarında Azərbaycana Türkmənistandan 161,3 milyon kubmetr həcmində, 24,2 milyon ABŞ dolları dəyərində təbii qaz idxal edilib.
Qeyd edək ki, bu dövrdə Azərbaycana yalnız Türkmənistandan qaz idxal edilib.
Xatırladaq ki, cari ilin yanvarında Azərbaycandan ixrac edilmiş təbii qazın ümumi həcmi 2,33 milyard kubmetr, dəyəri isə 870,1 milyon ABŞ dolları təkil edib. Bu dövrdə Azərbaycandan Gürcüstana, Serbiyaya, Türkiyəyə, Bolqarıstana, İtaliyaya və Yunanıstana təbii qaz ixrac edilib.