MÜSAHİBƏ

24 Mart

Ölkədə bu il iqtisadi artım 2,57% olacaq

Finss.az - "Fitch Solutions" (FS) şirkətinin hesabatına əsasən, Azərbaycanda 2025-ci ildə iqtisadi artımın 2,57% olacağı proqnozlaşdırılır.

Eyni zamanda, "Bloomberg Consensus" tərəfindən dərc edilən birgə hesabatda Azərbaycanın 2025-ci ildə real ÜDM-nin 2,7% artacağı bildirilir.

Bundan əvvəl Niderlandın ən böyük bank qrupu olan "ING Group" 2025-ci il üçün iqtisadi artımın 3%, 2026-cı il üçün isə 2,5% səviyyəsində olacağını proqnozlaşdırmışdı. Azərbaycan İqtisadiyyat Nazirliyi 2025-ci ildə ÜDM artımını 3,5%, Mərkəzi Bank isə 3,3% səviyyəsində gözləyir.

Beynəlxalq reytinq agentliklərinin 2025-2026-cı illər üzrə Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozları isə fərqlidir. "SP Global" 2025-ci ildə 2%, "Fitch Ratings" isə 2025-ci ildə 3% və 2026-cı ildə 2,4% iqtisadi artım gözləyir. "Moody's" isə hər il 2,5% iqtisadi böyümə proqnozlaşdırır.

Avropa Yenidənqurma və İnkişaf Bankı 2025-ci il üçün Azərbaycanın iqtisadi artımını 3%, 2026-cı il üçün isə 2,5% olaraq qiymətləndirir. Dünya Bankı isə 2025-ci ildə Azərbaycanda iqtisadi artımın 2,7%, 2026-cı ildə isə 2,4% səviyyəsində olacağını proqnozlaşdırır.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanın iqtisadi artımı 0,2% təşkil edib.