MÜSAHİBƏ

24 Mart

Xarici kvalifikasiyaların tanınması üzrə 6 min müraciət üzrə ekspertiza keçirilib

Hesabat dövründə dövlət tərəfindən maliyyələşdirilən 11 ikili diplom proqramının proqram akkreditasiya qiymətləndirilməsi, habelə 11 ali təhsil müəssisəsində institusional, 14 ali təhsil müəssisəsində isə ibtidai sinif müəllimliyi ixtisaslarının proqram akkreditasiyası, habelə 4 peşə təhsili müəssisəsində institusional akkreditasiya həyata keçirilib.

Finss.az xəbər verir ki, bu barədə məlumat Milli Məclisin martın 14-də keçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.

Qeyd edilib ki, hesabat dövrü ərzində xarici kvalifikasiyaların tanınması ilə bağlı 6 min müraciət üzrə ekspertiza keçirilib, 4,9 min müraciət üzrə müsbət rəy verilib və onlara xaricdə əldə olunan kvalifikasiyaların tanınması haqqında şəhadətnamələr təqdim olunub.

“ Digər müraciətlər üzrə mənfi rəy verilmiş və bu barədə qərarlar qəbul edilib. Xarici kvalifikasiyaların tanınması üzrə ən çox müraciət olunan ölkələr Rusiya (1841), Türkiyə (1616), Ukrayna (1377), Gürcüstan (296), Birləşmiş Krallıq (189), ən çox müraciət olunan ali təhsil müəssisələri isə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti (127), Ukrayna Milli Mülki Müdafiə Universiteti (119), Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Universiteti (103), İstanbul Universiteti (90), S.Kuznets adına Xarkov Milli İqtisad Universiteti (87) olub”,- deyə məlumatda bildirilib.

Əlavə olaraq qeyd edilib ki, 2024-cü il ərzində Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən 6 yeni peşə ixtisası üzrə qiymətləndirmə və tanınma həyata keçirilib, qeyri-formal və informal təhsil üzrə qiymətləndirmə və tanınması həyata keçirilən peşə ixtisaslarının sayı 20-dən 26-ya çatdırılıb. İl ərzində ümumilikdə 240 ərizəçi biliklərin qiymətləndirilməsi mərhələsinə cəlb edilib, onlardan 192-si məqbul hesab edilərək ikinci mərhələyə keçib.