MÜSAHİBƏ

14 Mart

Baş Nazir: "Su təsərrüfatına 540 mln. manat investisiya edilib"

Finss.az - 2024-cü ildə Azərbaycan ərazisində su ehtiyatlarının səmərəli istifadə edilməsi, fermerlərin suvarma suyu ilə təchizatı, suvarma sahələrinin genişləndirilməsi və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə 540 milyon manat məbləğində vəsait ayrılıb.

Bu barədə məlumatı Baş nazir Əli Əsədov, Milli Məclisin plenar iclasında hökumətin 2024-cü ildəki fəaliyyəti ilə bağlı hesabatını təqdim edərkən bildirib.

Baş nazir qeyd edib ki, su problemlərinin həlli və torpaq ekosisteminin mühafizəsi kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edir. 2024-cü ildə respublika üzrə kənd təsərrüfatı bitkiləri 1 milyon 453 min hektar sahədə orta hesabla 3,3 dəfə suvarılıb.

Ölkə Prezidenti 10 oktyabr 2024-cü ildə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nı təsdiqləyib. Sənəd su ehtiyatlarının artırılması, su itkilərinin azaldılması və su sahəsində infrastrukturun və idarəetmənin təkmilləşdirilməsi üzrə tədbirləri nəzərdə tutur.

Bu tədbirlər, su ehtiyatlarından daha səmərəli istifadəni və kənd təsərrüfatının inkişafını təmin edəcək.