MÜSAHİBƏ

11 Mart

SOCAR Avropaya qaz ixracı imkanlarını təqdim edib: Azərbaycanın enerji layihələri Avropanın diqqətində

Belçikanın paytaxtı Brüsseldə Avropa Komissiyası və Slovakiya arasında yaradılmış işçi qrupunun ilk iclası keçirilib. Slovakiyanın qaz təchizatı problemlərinin müzakirəsinə həsr olunmuş toplantıda Azərbaycan energetika nazirinin müavini Orxan Zeynalovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

Finss.az xəbər verir ki, iclasda Avropa Komissiyasının Energetika üzrə Baş İdarəsinin direktoru Kristina Lobillo Borrero və Slovakiyanın Baş nazirinin müavini, iqtisadiyyat naziri Denisa Sakova iştirak ediblər. Görüş zamanı Avropa Komissiyası və Slovakiya nümayəndələri Azərbaycanın enerji sahəsində etibarlı tərəfdaş kimi strateji əhəmiyyətini vurğulayıblar. Həm təbii qazın tədarükü, həm də “yaşıl” enerji sahəsində əməkdaşlığın inkişafı üçün qarşılıqlı fəaliyyətə hazırlıq ifadə olunub.

SOCAR-ın vitse-prezidenti Elşad Nəsirovun da qatıldığı müzakirələrdə Azərbaycanın təbii qaz potensialı və Avropaya əlavə ixrac imkanları təqdim edilib. Tədarükün artırılması və infrastrukturun inkişafı üçün zəruri şərtlər diqqətə çatdırılıb. Nazir müavini Azərbaycanın enerji dəhlizlərinin yaradılmasında strateji rolunu vurğulayaraq ölkəmizin Avropa tədarükçüləri ilə əməkdaşlığın genişləndirilməsinə və enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verməyə hazır olduğunu bildirib.

Görüş çərçivəsində bərpa olunan enerjidən istifadənin inkişafı və ixrac planları müzakirə edilib. Xüsusilə “Xəzər – Qara dəniz – Avropa”, “Azərbaycan – Mərkəzi Asiya – Avropa”, “Azərbaycan – Türkiyə – Avropa” və “Azərbaycan – Gürcüstan – Türkiyə – Bolqarıstan” yaşıl enerji interkonnektor layihələrinin icrası istiqamətində görülən işlər diqqətə çatdırılıb.

Bundan əlavə, Azərbaycan nümayəndə heyəti Avropa Komissiyasının enerji üzrə baş direktoru Ditte Juul Jorgensen ilə də görüş keçirib. Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında enerji dialoqu, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində əməkdaşlıq və Mərkəzi Asiyadan Avropaya “yaşıl” enerji tranziti kimi mövzular müzakirə edilib.