Finss.az - 25 fevral 2025-ci il tarixində Bakıda ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” “Istehsal və tikinti biznesi 2025: Layihə maliyyələşdirilməsi kreditləri və sahibkarlar üçün yeni imkanlar” adlı konfrans keçirib.
Tədbirdə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu, Azərbaycan Banklar Assosiasiyası, “PASHA Holding”, “Deloitte Azərbaycan” və “PAŞA Bank”ın rəhbər heyəti, özəl sektorun nümayəndələri, sahibkarlar da daxil olmaqla 100-ə yaxın qonaq iştirak edib.
Konfransda istehsal və tikinti sektorunun indiki vəziyyəti, biznesin maliyyələşdirilməsi imkanları, sahibkarlar üçün yeni maliyyə alətləri və bu sahənin inkişaf perspektivləri ətraflı müzakirə olunub. Tədbir çərçivəsində keçirilən müzakirə panelində layihə maliyyələşdirilməsi kreditləri və bu kreditlərə çıxış imkanları, sahibkarların qarşılaşdığı çətinliklər, risklərin idarəetməsi və digər vacib mövzular üzrə fikir mübadiləsi aparılıb.
“PAŞA Bank”ın idarə heyətinin sədr müavini Bəhruz Nağıyev çıxış edərək bildirib ki, bu cür konfransların keçirilməsinin məqsədi real sektorda təmsil olunan şirkətləri, investorları, ekspertləri bir araya gətirərək, bu sahədə daha sıx əməkdaşlıq qurmaq və açılan inkişaf perspektivlərini tanıtmaqdır.
“Sahibkarların uzunmüddətli maliyyələşdirilmə alətlərinə çıxışı, xüsusilə enerji, sənaye, infrastruktur və tikinti sektorlarında fəaliyyət göstərən bizneslər üçün yeni imkanlar yaradır. “PAŞA Bank” real sektorda topladığı zəngin təcrübəyə əsaslanaraq inanır ki, layihə maliyyələşdirilməsi kreditlərinin bazarda geniş tətbiqi qeyri-neft sektorunun inkişafına töhfə verəcək”, - deyə, Nağıyev bildirdi.
Qeyd edək ki, “PAŞA Bank” Azərbaycanın qeyri-neft sektorunun inkişafına töhfə vermək məqsədilə bu cür təşəbbüslərini davam etdirməyi planlaşdırır.



Zemfira Ms
Finss.az