MÜSAHİBƏ

19 Fevral

Ölkə sığorta sektorunda dayanıqlılıq: Risklər və imkanlar

Finss.az - Son illərdə sığorta sektorunda dayanıqlı inkişaf və ekoloji, sosial və idarəetmə (ESG) meyarlarının rolunun artması müşahidə olunmaqdadır.

Lakin bu sahədə məlumatların açıqlanması ilə bağlı ciddi məhdudiyyətlər mövcuddur. Sığorta şirkətləri arasında dayanıqlılıq və karbon emissiyaları ilə bağlı məlumatların açıq şəkildə təqdim olunmaması, sektorda ciddi bir şəffaflıq çatışmazlığı yaratmaqdadır.

Araşdırmalar göstərir ki, 14 sığorta şirkəti, dayanıqlılıq və ESG ilə bağlı məlumatları heç bir formada açıqlamamağa qərar verib. Bu, sektorun şəffaflıq baxımından hələ də inkişaf etməyə ehtiyacı olduğunu göstərir. Yalnız 2 şirkət məlumatları Mərkəzi Şəffaflıq (MŞ) ilə məhdud şəkildə paylaşmağı qəbul edib, lakin ictimaiyyətə açıqlanan dayanıqlı maliyyə və ya ESG hesabatlarına rast gəlinməyib. Bu vəziyyət, sığorta şirkətlərinin dayanıqlı maliyyə prinsiplərinə uyğun fəaliyyət göstərsələr də, bunları ictimaiyyətlə paylaşmaqdan çəkinmələrinin əsas səbəblərini araşdırmağa ehtiyac duyur.

Karbon emissiyalarının açıqlanması məsələsi isə daha da narahatlıq doğurur. Tədqiqat nəticələri göstərir ki, sığorta şirkətlərinin böyük əksəriyyəti, yəni 15 şirkət, bu məlumatları ölçməzdən əvvəl heç bir şəkildə açıqlamamağa üstünlük verib. Sadece 1 şirkət yaxın gələcəkdə bu məsələyə yönəlmiş işlərin aparılacağını bildirib. Bu vəziyyət, sektorda karbon izinin azaldılması və ekoloji məqsədlərə nail olunması baxımından sığorta şirkətlərinin daha çox təşviqat və dəstəyə ehtiyacı olduğunu göstərir.

Sığorta sektoru dayanıqlı inkişaf istiqamətində bir sıra risklərlə qarşı-qarşıyadır. Əgər bu sektorda dayanıqlılıqla bağlı məlumatların açıqlanması, xüsusilə ESG göstəricilərinin təqdim edilməsi ilə bağlı güclü bir tənzimləmə mexanizmi qurulmazsa, sektorda həm investorlar, həm də müştərilər üçün əhəmiyyətli məlumat boşluqları yaranacaqdır. Bununla yanaşı, sektorda dayanıqlılıq və ekoloji risklərin dərc olunması imkanları da mövcuddur. Sığorta şirkətləri, dayanıqlı maliyyə hesabatları təqdim etməklə, həm müştəri etimadını qazana, həm də tənzimləyicilərlə uyumlu fəaliyyət göstərə bilərlər.