MÜSAHİBƏ

10 Oktyabr

Qarabağ və Şərqi Zəngəzurda yaradılan sənaye zonaları bölgənin iqtisadi inkişafını sürətləndirəcək

Azərbaycan Vətən müharibəsində qazandığı tarixi Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurun bərpası istiqamətində mühüm layihələr reallaşdırır, işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərini intensiv şəkildə aparır. 

Erməni vandallarının xarabazara çevirdikləri əzəli-əbədi yurdlarımızın inkişaf axarına qovuşması, sosial-iqtisadi dirçəlişi, keçmiş məcburi köçkünlərə ləyaqətli həyat şəraiti yaradılması üçün Prezident İlham Əliyev qarşıya mühüm vəzifələr qoyub. Dövlətimizin başçısı çıxışlarının birində bu barədə “ Əsas budur ki, buraya qayıdacaq insanlar yaxşı yaşasınlar, yəni onların rifahı yüksək olsun… Belə səfalı torpaqlarda ancaq yaxşı dolanışıq olmalıdır”, – deyib.

İşğaldan azad edilən torpaqların dirçəlməsi, bu ərazilərə yeni nəfəs verilməsi strategiyasında sənayeləşmə siyasəti xüsusi yer tutur. Başqa sözlə, düşməndən təmizlənən ərazilərimizdə sənaye parklarının qurulması və bu müəssisələrə investisiya cəlb olunması bölgənin resurslarından, həmçinin iqtisadi imkanlardan yararlanmaqla Qarabağ və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatına səmərəli reinteqrasiyasına əlavə stimul yaradır.

Bu ərazilərdə sənayeləşmə prosesinin mərhələli şəkildə aparılacağı nəzərdə tutulur. Abadlıq və quruculuq işlərinin həyata keçirilməsi üçün ilkin mərhələdə tikinti şirkətləri prosesə qoşulur. Nəzərə alsaq ki, əhali tezliklə işğaldan azad edilmiş yaşayış sahələrinə qayıdacaq, belə olan halda, onların ərzağa olan tələbatının təmin edilməsi xüsusi diqqətdə saxlanılır. Bu baxımdan, növbəti mərhələdə kənd təsərrüfatı məhsullarının emalı, yüngül və qida sənayesinin formalaşdırılması prosesinin həyata keçiriləcəyi nəzərdə tutulur.

Hazırda ölkəmizdə iqtisadiyyatın inkişafına, ixrac potensialının artırılmasına, rəqabətqabiliyyətli məhsul istehsalına önəmli töhfə verən sənaye parklarının sırasına “Ağdam Sənaye Parkı” və “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı da qoşulur. Beləliklə, bu gün respublikada 7 sənaye parkı var.

Təməli dövlətimizin başçısı tərəfindən 2021-ci il mayın 28-də qoyulan “Ağdam Sənaye Parkı” Qarabağın yenidən qurulmasında mühüm rol oynayacaq. Adıçəkilən sənaye mərkəzində ilkin müraciətlər əsasında 33 kiçik istehsal və xidmət müəssisəsi, iri sənaye və qida sənayesi müəssisələri fəaliyyət göstərəcək. Bura 110 milyon manata yaxın sərmayə qoyulacaq, 330 iş yeri açılacaq.

“Ağdam Sənaye Parkı”nın təməli qoyulandan indiyədək burada “Azərenerji” ASC-nin 110/35/10 kV-luq “Ağdam-1” və “Ağdam-2” elektrik yarımstansiyaları, “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzi istifadəyə verilib, eyni zamanda, bu parkda fəaliyyət göstərəcək bərpa olunan enerji mənbələri ilə qidalanan işıq dirəkləri, xalça istehsalı müəssisələri, “Park Forest Otel Ağdam” mehmanxanası və 209 mənzildən ibarət yeni yaşayış kompleksinin təməlləri qoyulub.

Xatırladaq ki, Qarabağda sənaye parkının qurulması innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafına, xidmətlərin göstərilməsi üçün münbit şəraitin yaradılmasına və bu sahədə sahibkarlığın dəstəklənməsinə nail olmaq, bölgədə yerli və xarici investisiyalar üçün əlverişliliyin artırılması, əmək qabiliyyətli əhalinin istehsal sahəsində məşğulluğunun yüksəldilməsi kimi məsələləri qarşıya mühüm vəzifələr kimi qoyur.

Ağdam Sənaye Parkı üçün nəzərdə tutulan 190 hektar ərazidə tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvətərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələri və soyuducu kameraların təşkili nəzərdə tutulur.

Müəssisədə quruculuq işləri indiyədək mərhələli şəkildə həyata keçirilib. İlk olaraq 100 hektara yaxın ərazi mina və hərbi sursatlardan təmizlənib. Sənaye Parkında mobil tipli şəhərcik salınıb. Burada tikinti aparılacaq sahənin su ilə təmin edilməsi məqsədilə 350 metr dərinliyində subartezian quyusu qazılıb. Parka 10 kilovoltluq elektrik xətti çəkilib və 630 kilovoltluq transformator məntəqəsi quraşdırılıb.

Ağdam Sənaye Parkının 74 hektar ərazisində topoqrafik planlama və mühəndis-geoloji tədqiqat işləri də yekunlaşdırılıb. Topoqrafik planlama zamanı parkın ərazisində dağılmış tikililərin geometrik ölçüləri müəyyən edilib və ərazidən daşınması nəzərdə tutulan tullantıların həcmi dəqiqləşdirilib.

BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura əməkdaşlığı, Komitəsinin birgə ADA Universitetinin təşkilati dəstəyi ilə oktyabrın 5-də Ağdamda keçirilən Milli Şəhərsalma Forumunda da sözügedən sənaye parkının yaradılmasının əhəmiyyəti vurğulanıb. Ağdamın Baş planının hazırlanması zamanı müasir “ağıllı şəhər” yanaşmaları, “yaşıl enerji” və təmiz ətraf mühit, sənaye və kənd təsərrüfatının kompleks inkişafı, turizm potensialının geniş reallaşdırılması kimi məsələlərlə yanaşı, müasir istehsal infrastrukturunu əhatə edəcək sözügedən sənaye parkının qurulmasının da diqqət mərkəzində saxlanılması yüksək dəyərləndirilib.

Sonda qeyd edək ki, Ağdam Sənaye Parkı Qarabağın inkişafına, bölgənin qeyri-neft sənayesinin sürətli inkişafına önəmli təsir göstərəcək. Eyni zamanda, bu nəhəng müəssisə respublikamızın ixrac potensialının artırılmasına, innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin inkişafına, ölkəyə valyuta axınının, investisiyaların artmasına yeni imkanlar açacaq.