Maliyyə risklərinin idarə edilməsi - biznesin gündən-günə mürəkkəbləşdiyi, məlumat həcminin artdığı, bazarların qloballaşdığı müasir dövrdə ayrı-ayrı şirkətlərin inkişafının əsas amillərindən birinə çevrilib. Bu səbəbdən də hazırda risklərin idarə edilməsi sisteminin qurulması maliyyə menecerləri üçün prioritet hesab olunur. Bəs müəssisələr üçün əsas maliyyə riskləri nədən ibarətdir, yaxud bu risklərin idarə olunması məqsədilə hansı addımlar atıla bilər?
Bu və digər suallara maliyyə və audit xidmətləri üzrə ekspert Aqşin Əhmədovla aydınlıq gətirdik.
Müəssisələr üçün əsas maliyyə riskləri deyəndə hansı hallar nəzərdə tutulur?
Maliyyə riski - şirkətin müəyyən dəyərə malik aktivlərini itirməsi və ya onların dəyərinin azalması ehtimalıdır. Maliyyə risklərinin idarə edilməsi isə adından da göründüyü kimi, hər hansı bir şirkətin qarşılaşdığı riskləri maliyyə alətlərindən istifadə etməklə nəzarət altına alma fəaliyyətidir.
Maliyyə riski müəssisə və maliyyə institutları (banklar, maliyyə, investisiya, sığorta şirkətləri, birjalar və s.) arasındakı münasibət prosesində yaranır. Məsələn, pulun alıcılıq qabiliyyətinin aşağı düşməsi, yaxud yüksəlməsi ilə əlaqədar inflyasiya və ya deflyasiya riskləri, valyuta məzənnəsinin dəyişilməsi ilə bağlı valyuta riskləri, qiymətli kağızların və digər malların satışı zamanı mümkün itkiləri ifadə edən likvidlik riskləri və s.
Dünyada gedən iqtisadi və geosiyasi proseslər də müəssələrin fəaliyyətinə birbaşa, yaxud dolayısı ilə təsir göstərir. Məsələn, hər hansı bir məhsulun xarici ölkədən idxalını təşkil edən müəsissəyə dəyə biləcək zərər müqavilənin imzalanması ilə ödənişin edildiyi zaman kəsimindən asılıdır. Belə ki, bu zaman kəsimində xarici valyutaların məzənnəsi Azərbaycan manatının məzənnəsi ilə müqayisədə dəyişə və valyuta itkisi riski yarana bilər.
Hazırda dünyada gedən proseslər maliyyə risklərindən biri olan inflyasiya riskini də aktuallaşdırıb. Bütövlükdə dünya iqtisadiyyatı, o cümlədən Azərbaycan demək olar ki, hər gün artan inflyasiya ilə mübarizə aparır. İnflayasiya şəriaitində əldə olunan pul gəlirlərinin alıcılıq qabiliyyəti sürətlə azalır və sahibkarlar real zərərə məruz qalırlar.
Bununla belə, iri korporasiyalardan fərqli olaraq, kiçik və orta sahibkarlıq subyektləri üçün müəssisə daxili maliyyə risklərinin idarə olunması daha böyük əhəmiyyət kəsb edir.
Maliyyə riskləri necə təsnif olunur?
Maliyyə riski anlayışının fərqli təsnifatları mövcuddur. Ümumi şəkildə maliyyə riskləri dörd əsas kateqoriyaya bölünür: bazar riski, kredit riski, likvidlik riski və sistem riski.
Bazar riski ilə müəssisələr həm birbaşa, həm də dolayı yolla üzləşə bilər. Birbaşa bazar riskləri aktivin qiymətinin əks istiqamətdə dəyişdiyi təqdirdə baş verə biləcək itkilərlə əlaqədardır. Sahibkarların dolayı yolla qarşılaşdıqları bazar riskləri isə ikinci dərəcəli və ya nisbi riski olan aktivlərlə, məsələn, səhm qiymətlərinə təsir edə bilən birjalardakı faiz dərəcəsi riskləri ilə əlaqələndirilir.
Kredit riski – borcalanın kreditora verməli olduğu borcun və faizin ödənilməməsi təhlükəsidir. Faktorinq müqaviləsinin bağlanması vasitəsilə bu risklərin böyük hissəsi kommersiya bankına, eləcə də ixtisaslaşmış faktorinq şirkətlərinə ötürülə bilər. Bu da kredit risklərinin aşağı maliyyə nəticələrini bir xeyli neytrallaşdırmağa imkan verər.
Sual oluna bilər ki, zaminlik müqaviləsinin bağlanması hallarında risklər necə ötürülə bilər? Belə hallarda zamin duran şəxs, üçüncü şəxslərin kreditoru qarşısında öhdəliklərini qismən və ya tam formada yerinə yetirməsinə cavabdehlik daşıyır. Beləliklə, kreditor müəssisə kreditin geri qaytarılmaması riskini, bununla bağlı bütün itkiləri zaminə ötürür.
Likvidlik riski – müəssisələrin ən çox qarşılaşdığı maliyyə risklərindən birdir. Likvidlik riski aktivləri satmaq və ya vəsait cəlb etmək istəyərkən qarşıya çıxan bütün riskləri əhatə edir. Bu maliyyə riski şirkətin nağd pula ehtiyacı olduğu halda mövcud aktivləri pula çevirə bilməmək riski kimi müəyyən edilir. Likvidlik riskinə məzənnə və faiz riski də daxildir.
Sistem riski – müəyyən bir hadisənin konkret bazar və ya sektora mənfi təsir göstərməsi ehtimalı ilə əlaqələndirilir. Sistem riski çox vaxt eyni sahədə fəlaiyyət göstərən şirkətlər arasında korelyasiyanın yüksək olması səbəbindən yaranır. Sistem riski anlayışı “domino effekti” ilə müqayisə edilir.
Maliyyə risklərinin idarə olunması üçün hansı əsas fəaliyyətlər nəzərə alınmalıdır?
Maliyyə risklərinin idarə edilməsi zamanı investisiyaların şaxələndirilməsi nəzərə alınmalı olan əsas prinsiplərdən biridir. Müxtəlif növ maliyyə aktivlərinə sahib olmaq yalnız bir sahəyə investisiya qoymamaq riskləri azaldır. Başqa sözlə, investisiyanı fərqli risk və gəlir gözləntiləri olan məhsullara paylayaraq riskləri azaltmağa çalışmaq olar.
Müəssisənin investisiya risklərini digər üsullarla yanaşı, maliyyə vəsaitini aktivlər, sektorlar, valyutalar, coğrafi ərazilər üzrə şaxələndirməklə idarə etməsi də mümkündür.
Aktivlər üzrə şaxələndirmə müəssisənin portfelində əsas aktiv siniflərinin (kapital, sabit gəlir, pul və ekvivalentlər) birləşməsini saxlamaqdan ibarətdir. Məsələn, şirkətdə 10 000 manat həcmində qənaət edilibsə və sahibkar həmin məbləği investisiya etmək istəyirsə, bu zaman necə deyərlər, yumurtaların hamısını eyni səbətə qoymaq lazım deyil. Çünki bu halda sərmayəni yalnız bir şirkətin qarşılaşacağı risklə üz-üzə qoymuş olarıq.
Sektor üzrə şaxələndirmə zamanı müxtəlif sahələrdə (enerji, daşınmaz əmlak, texnologiya, bank işi və s.) fəaliyyət göstərən şirkətlərdən aktivlərin alınması nəzərdə tutulur. Çünki iqtisadi dövrlərdən asılı olaraq bəzi sektorlarda digərlərinə nisbətən daha çox inkişaf qeydə alına bilər. Yaxud müəyyən dövrdə iqtisadi qurumların qərarı konkret bir sektorun fəaliyyətinə təsir göstərə bilər. Belə halda müəssisə yalnız bir sektora sərmayə qoymuş olsa, investisiyaların səmərəsizlik ehtimalı artır. Müxtəlif sektorlarda aktivlərin olması isə bu dalğalanmaları kompensasiya edə bilər.
Valyuta üzrə şaxələndirmə - müəssisənin kapitalını vahid valyuta dalğalanmalarına məruz qoymamaq üçün müxtəlif pul vahidlərində (avro, dollar, funt sterlinq, yen və s.) səhmlər və ya digər aktivlər əldə etməklə investisiya risklərinin azaldılması strategiyasıdır.
Coğrafi ərazilər üzrə şaxələndirmə, müxtəlif ölkələrin şirkətlərinə, xüsusən də hüquqi təhlükəsizlik təklif edən şirkətlərə investisiya qoymaqdan ibarətdir. Məsələn, əgər müəssisənin portfelində yalnız Rusiya şirkətlərinin payı varsa, hazırda bu ölkəyə tətbiq olunan beynəlxalq sanksiyalar, iqtisadi artım proqnozlarının azalması, davam edən müharibə həmin şirkətin maliyyə durumuna zərər verə bilər.
Göründüyü kimi maliyyə risklərinin idarə olunması müəssisə və təşkilatlar üçün böyük əhəmiyyət daşıyır. Digər tərəfdən, bu yalnız hansısa təşkilatın fəaliyyətinin nəticələrinə deyil, ümumilikdə bazarın iqtisadi vəziyyətinə, konyunkturasına təsir edir. Müxtəlif investisiya layihələrinin riskləri də fərqlidir və ən gəlirli kapital qoyuluşu belə həddindən artıq riskli ola bilər. Bütün hallarda müəssisələr maliyyə risklərindən maksimum səviyyədə yayınmağa çalışır. Bunun yeganə yolu isə maliyyə risklərinin peşəkar səviyyədə qiymətləndirilərək idarə edilməsidir. Sahibkarlar arasında belə bir tendensiya var ki, müəssisələr üçün riskdən qaçmaq gəlir əldə etmək imkanından imtina etmək deməkdir. Təcrübə isə göstərir ki, maliyyə risklərinin idarə olunmasını uğurlu şəkildə həyata keçirən müəssisələrin bu riskin ən yüksək olduğu dövrlərdə belə böyük gəlir əldə etməsi mümkündür.