MÜSAHİBƏ

22 Avqust

İqtisadiyyatın inkişafında yeni strateji mərhələ

“Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda bildirilir ki, yeni sosial-iqtisadi inkişaf modelinin reallaşdırılması üçün ölkədə zəruri iqtisadi resurslar və müasir infrastruktur bazası mövcuddur. Strateji mərhələdə sosial-iqtisadi inkişaf modelinin əvvəlki dövrlərdə əldə edilən nailiyyətlərə əsaslanmaqla reallaşdırılacağı nəzərdə tutulur. Beynəlxalq nüfuza malik güclü lider, çətin dövrlərdə yüksək dövlət və vətəndaş həmrəyliyi, yeniliyə açıq və biliyi hər şeydən üstün tutan cəmiyyət, eləcə də uzun illər ərzində formalaşan yüksək iqtisadi potensial yeni milli sosial-iqtisadi inkişaf modelinin uğurla həyata keçirilməsinin təminatı kimi qəbul edilir.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında 22 iyul 2022-ci il tarixli sərəncamı da qarşıya qoyulan vəzifələrin həyata keçirilməsinə dəstək məqsədi daşıyır. Sənəddə, həmçinin respublikamızın postpandemiya və postkonflikt dövründə 2022-2030-cu illəri əhatə edən keyfiyyətcə yeni strateji inkişaf mərhələsinə daxil olduğu vurğulanır: “Bu strateji dövrdə yeni nəsil struktur və institusional islahatlar vasitəsilə iqtisadi artımın müasir və dayanıqlı mənbələrinin hərəkətə gətirilməsi, milli iqtisadiyyatın innovasiya yönümünün və maliyyə dayanıqlığının daha da gücləndirilməsi, ölkə iqtisadiyyatının qlobal dəyər zəncirinə səmərəli inteqrasiya yolu ilə Azərbaycan dövləti öz qüdrətini daha da artırmaqla, yüksək rifah cəmiyyətinin qurulması istiqamətində yeni hədəfləri gerçəkləşdirmək əzmindədir”

Qlobal iqtisadiyyatda baş verən mənfi meyillərə baxmayaraq, cari ilin birinci yarısında ölkədə yüksək iqtisadi göstəricilərin əldə edilməsi də sözügedən strateji mərhələyə uğurla start verildiyini təsdiqləyib. Belə ki, hesabat dövründə ümumi daxili məhsulun (ÜDM) strukturunda neft-qaz və qeyri-neft-qaz sektorlarının payı bərabərləşib, aparılmış təhlillər iqtisadi artımın qeyrineft-qaz sahələri hesabına təmin olunduğunu deməyə əsas verib.

Cari ilin ilk yarısında iqtisadi artım ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,2 faizə bərabər olub. Qeyrineft-qaz sahələrinin 9,6 faizlik artımı fonunda neft-qaz sahələri üzrə cüzi artımın (0,2 faiz) qeydə alınması iqtisadi yüksəlişdə neft amilinin rolunu azaldıb.

ÜDM-in həm neft, həm də qeyri-neft sahələrində nominal artımların qeydə alınması isə dövlət büdcəsinin gəlirlərinin artımını şərtləndirib. Yeri gəlmişkən, dövlət büdcəsində 2022-ci il üçün daxili dövlət borclanmasının yuxarı həddi 1100 milyon manat, xarici dövlət borclanmasının yuxarı həddi 600 milyon manat, il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi 800 milyon manat müəyyənləşdirilib.

Azərbaycan Prezidenti hesabat dövrünün yekunlarına dair müşavirədə də ölkəmizin xarici dövlət borcu ilə bağlı mövcud vəziyyətinə diqqət yetirərək deyib: “Mən bir neçə il bundan əvvəl vəzifə qoymuşdum ki, xarici borcumuzu ümumi daxili məhsulun 10 faizinə endirək. Bu il iyulun 1-də mənə verilən rəqəmlərə görə, xarici borc ümumi daxili məhsulun 10,7 faizini təşkil edir. Nə üçün? Birinci növbədə, kreditlər almırıq və əvvəlcədən alınmış kreditləri qaytarırıq. Tam almırıq deyə bilmərəm, amma əvvəldən alınmış kreditlərin davamı indi gəlir. Amma yeni kredit almırıq, qaytarırıq. İkincisi, iqtisadiyyat artıb və ümumi daxili məhsul artdıqca təbii ki, o nisbət də, borcun nisbəti də azalır”.

Ölkəmizdə həyata keçirilən düzgün, uzaqgörən iqtisadi strategiyanın məntiqi nəticəsidir ki, bu il iyulun 1-nə ümumi dövlət borcu ÜDM-in 14,7 faizini, o cümlədən xarici dövlət borcu ÜDM-in 11,7 faizini, daxili dövlət borcu isə ÜDM-in 3 faizini təşkil edib. Xarici dövlət borcu 384,7 milyon manat azalıb.

Bütün bu uğurlar hökumətin dövlət borcu idarəçiliyi strategiyasının uğurla reallaşdırılmasından xəbər verir. Ölkə rəhbəri bununla bağlı deyib: “Xarici dövlət borcu ilə bağlı bizdən daha yaxşı nəticəsi olan ölkələrin bəziləri o ölkələrdir ki, onlara, ümumiyyətlə, xaricdən heç bir kredit verilmir. Ona görə də onların yüksək pillədə olması əlbəttə ki, obyektiv mənzərəni əks etdirmir. Beləliklə, biz dünya miqyasında xarici borcun aşağı səviyyəsinə görə qabaqcıl yerdəyik. Bunu bir daha demək istəyirəm, mən hökumət qarşısında vəzifə qoymuşam ki, biz xarici dövlət borcumuzu ildən-ilə azaldaq və gələn ilin büdcəsində bu, nəzərdə tutulur”.

Onu da qeyd edək ki, 2018-ci il avqustun 24-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Həmin strategiyanın əsas məqsədi qlobal iqtisadiyyatda, habelə maliyyə bazarında baş verən proseslər fonunda ölkənin maliyyə dayanıqlılığının daha da gücləndirilməsinə, dövlət borcalmalarında səmərəliliyin artırılmasına, qarşıda duran yeni çağırışlar və imkanlar nəzərə alınmaqla bu sahədə risklərin səmərəli idarə edilməsi, eyni zamanda, nəzarət mexanizminin təkmilləşdirilməsinə nail olmaqdır.

Hesabat dövrünün digər iqtisadi göstəriciləri də müsbətdir. Belə ki, bu ilin birinci yarısında qeyri-neft-qaz sektorunun prioritet sahələri arasında əlavə dəyər qeyrineft qaz sənayesində 11 faiz, o cümlədən qeyri-neft-qaz emalı sənayesində 15 faiz, nəqliyyat sektorunda 27 faiz, turizm və ictimai iaşədə 86 faiz, informasiya və rabitə sektorunda 14 faiz artıb. Sənaye zonalarında da dinamik inkişaf diqqət çəkib, ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə istehsal 53 faiz yüksəlib.

Bütün bunlarla bərabər, ölkə iqtisadiyyatında yüksək iqtisadi artım templəri, habelə dövlət büdcəsinin investisiya xərclərinin icrasının sürətlənməsi, o cümlədən, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı tikinti-bərpa işlərinin həyata keçirilməsi fonunda cari ilin birinci yarısında əvvəlki aylarla müqayisədə əsas kapitala investisiyaların real artım tempi müsbət zonaya daxil olub. Qeyd olunan amillərin təsiri ilə qeyri-neft-qaz sektorunda əsas kapitala investisiyaların real artımı 18,5 faiz təşkil edib. Bu amillərin təsiri ilə cari ilin 6 ayında ötən ilin eyni dövrü ilə müqayisədə tikinti sektorunda əlavə dəyər 8 faizədək artıb.

Ümumiyyətlə, əldə edilən bütün sosial-iqtisadi uğurlar ölkə iqtisadiyyatının dinamik inkişafı, islahatların ardıcıl xarakter daşıması ilə bağlı olub. Hazırda ölkə iqtisadiyyatının dayanıqlığının şaxələndirilməsi və rəqabət qabiliyyətinin təmin edilməsi qarşıya iqtisadi islahatlar üzrə əsas vəzifə kimi qoyulub. Bu məqsədlə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, institusional islahatların aparılması, dövlət tərəfindən sahibkarlara hərtərəfli dəstək verilməsi istiqamətlərində bir sıra mühüm qərarlar qəbul edilib. Bütün bunların sayəsində Azərbaycan son illər dünyanın ən sürətlə və dayanıqlı inkişaf edən ölkəsinə çevrilib.

Son 19 ildə Azərbaycanın iqtisadi potensialının güclənməsi, reallaşdırılan diversifikasiya siyasəti, müasir texnologiyalara əsaslanan və rəqabətqabiliyyətli məhsul istehsal edən yüzlərlə müəssisənin fəaliyyətə başlaması isə təbii ki, ölkəmizin xarici ticarət əlaqələrində müsbət meyillərə təkan verib. Belə ki, xarici iqtisadi əlaqələrin coğrafiyası genişlənib, ticarətin əmtəə strukturu təkmilləşib. Azərbaycanın xarici ticarət əlaqələrinin genişlənməsini əks etdirən bəzi statistik göstəricilərə nəzər salsaq, bu sahəyə xüsusi əhəmiyyət verilməsini aydın görə bilərik. Belə ki, ötən il Azərbaycanda milli iqtisadi inkişafın qarşısında duran strateji çağırışların həyata keçirilməsi nəticəsində digər sahələrdə olduğu kimi, xarici ticarət əlaqələrində də müsbət dinamika nəzərə çarpmağa başlayıb.

Gömrük orqanlarında qeydiyyatı aparılan, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmayan ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla cari ilin yanvar-iyun aylarında xarici ticarət dövriyyəsi 25 milyard 885,6 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 19 milyard 528,6 milyon dollar, idxalın dəyəri 6 milyard 357 milyon dollar təşkil edib, nəticədə 13 milyard 171,6 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, 2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 73,4 faiz, real ifadədə isə 8,1 faiz artıb. İxrac real ifadədə 14,4 faiz artıb, idxal isə 2,9 faiz azalıb.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən xarici ticarət dövriyyəsinin 91,5 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, İsrail, Hindistan, Birləşmiş Krallıq, Yunanıstan, Almaniya, Ukrayna, Gürcüstan, Portuqaliya, İspaniya, İsveçrə, Çexiya, Tunis, Qazaxıstan, Tailand, ABŞ, İran, İndoneziya, Vyetnam, Xorvatiya və Rumıniya ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb. Hesabat dövründə büdcə gəlirlərində də artım müşahidə olunub. Belə ki, Maliyyə Nazirliyinin operativ məlumatına əsasən, cari ilin yanvar-iyul aylarında dövlət büdcəsinin gəlirləri 17 milyard 899,4 milyon manat, xərcləri 15 milyard 334,8 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, büdcənin icrasında 2 milyard 564,6 milyon manatlıq və ya ümumi daxili məhsulun 3,5 faizi qədər profisit yaranıb.

Cari ilin ilk yarısında dövlət büdcəsinin gəlirləri 14 milyard 205,5 milyon manat məbləğində icra edilib ki, bu da müvafiq dövr üçün nəzərdə tutulmuş büdcə gəlirlərinin 107,4 faizinə bərabərdir. Hesabat dövründə icra edilmiş gəlirlərin məbləği ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 20,8 faiz çoxdur.

Qeyri-neft sektoru üzrə Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların qeyri-neft ÜDM-nə nisbəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,7 faizə yüksəlib.

Dövlət büdcəsi gəlirlərinin proqnoz və əvvəlki illərin icra göstəriciləri ilə müqayisədə əhəmiyyətli artımı Dövlət Neft Fondu vəsaitlərinə qənaət edilməsi və transfertin az icrası ilə nəticələnib