MÜSAHİBƏ

19 Avqust

"Məhsul haqqında olan videolar müştərilərin satınalma qərarlarında mühüm rol oynayır"

Müasir dövrümüzdə inkişaf etmiş və ya inkişaf etməkdə olan sahələrdən biri də marketinq sahəsi və ya marketoloq peşəsidir. Ölkəmizdə bu sahədə vəziyyətin nə yerdə olduğunu öyrənmək üçün uzun illərdi bu sahədə çalışmış Anar Zeynalovla həmsöhbət olduq. O, marketinq sahəsinin özəllikləri barədə danışıb. Bundan başqa bəzi marketinq sirlərinin də üstünü açıb. Odur ki, sizi həmsöhbətimizlə müsahibəni oxumağa dəvət edirik.

– Bildiyimiz kimi artıq çoxdandır ki, marketinq sahəsində çalışırsız. İlk növbədə oxucularımızın sizi daha yaxından tanıması üçün bir qədər iş karyeranız haqqında söz açardız zəhmət olmasa

– 9 may 1988-ci ildə Naxçıvanda anadan olmuşam. 2005-ci ildə "Qafqaz" universitetinin Beynəlxalq Əlaqələr ixtisasına qəbul olmuşam. Universitetdə oxuduğum müddətdə 15-dən çox ölkədə 30-dan çox beynəlxalq təlim və konfranslarda iştirak etmişəm. 2011-ci ildə Latviyada İqtisadiyyat və Menecment fakultəsini, Avropaşünaslıq proqramının magistr dərəcəsini bitirmişəm. Magistr proqramı çərçivəsində Avropa komissiyasında, Avropa Parlamentində, Avropa Ədalət Məhkəməsində və NATO-da təlim və konfrasnlarda iştirak etmişəm. 2006-ci ildən müxtəlif təşkilatlarda və şirkətlərdə marketing və PR işləri ilə məşğul olmuşam. Qeyd etmək istərdim ki, hal-hazırda dünyanın ən böyük marketinq assosiasiyası olan Amerika Marketinq Assosiasiyasının üzvüyəm.

Artıq 7 ildir ki, "Metropark" Ticarət və Əyləncə Mərkəzinin Marketinq və PR meneceri vəzifəsində çalışıram. Düşünürəm ki, bu gün bizim düzgün marketinq strategiyamızın nəticəsidir ki, bu illər ərzində müştərilərimizi razı sala bilmişik, mağazalarla sıx-sıx əlaqədə olub tez-tez yeni kampaniyaların keçirilməsini istəyirik və lazımı dəstəyi biz də veririk. Müştərilər heç bir ciddi problemlə qarşılaşmayıb və əksinə tez-tez bizim bu illər ərzində etdiyimiz tədbirlərdə, aksiylarda, kampaniyalarda aktiv iştirak ediblər. Nəzərinizə çatdırım ki, 7 il ərzində "Metropark"da 300-dən çox tədbir, aksiya, konsertlər həyata keçirmişik. 6 lotereya oyunları həyata keçirərək, qaliblərə avtomobil, ev əşyaları, tv-lər və s. hədiyyələr verilib. Bu il də lotoreyada ev verməyi nəzərdə tutmuşuq. Amma bu qeyd etdiklərim marketinq strategiya və planlarımızın kiçik, lakin ayrılmaz bir hissəsidir. Bir sıra daha mühüm tədbir və alətlərdə lazımınca istifadə etməklə 7 illik kifayət qədər uğurlu bir yol qət etmişik.

– Hazırda ölkəmizdə marketinqi necə qiymətləndirirsiz? Necə fikirləşirsiz, bu sahə ölkəmizdə nə qədər inkişaf edib?

– Səmimi olmağımı istəyirsinizsə, ölkəmizdə hal-hazırda marketinq sürətlə böyüyən və inkişaf etməkdə olan bir sahədir. Biz rəqəmsal (digital) marketinqə keçidin astanasındayıq, çünki hələ də ənənəvi marketinq metodu - televizor, radio, bilbord, avtobuslar və s. üstünlük təşkil edir. Çünki bu gün bazar bunu tələb edir. Ümumilikdə marketinqin bir fenomen və sahə kimi tərifini tapmaq çətindir, marketinqin strategiyasi var, əsas quracağın işə görə strategiyanı düzgün qurmaqdır. Hər ölkəyə görə, mentalitetə görə, mədəniyyətə görə, bazara görə, dövrə görə dəyişir. 30 il bundan qabaq çox çətin hansısa marketoloq deyə bilərdi ki, sosial media, süni intellekt və çatbot sistemləri kimi inkişaf etmiş yüksək texnologiyalara əsaslanan rəqəmsal marketinq çox aktual olacaq. Gördüyümüz kimi burada artıq dövr, zaman məsələsi öz sözünü deyir, gələcək 30 il sonra bəlkə də gözləmədiyimiz, bilmədiyimiz və hal-hazırda beynimizin qavraya bilməyəcəyi alətlər, kommunikasiya kanalları və metodlar ortaya çıxacaq. Marketinq strategiyası – şirkətlərdə qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün fərqli marketinq tədbirlərinin həyata keçirilməsi və onların reallaşdırılmasına nəzarət edilməsi sistemidir.

Bizdə marketinq sahəsi son 15 ildə inkişaf etməyə başlayıb və bu dövrə qədər bu işlə məşğul olanların sayı çox az idi. Bizim bir çox şirkətlər marketoloqları xarici ölkələrdən dəvət edirdilər. Bu gün də belə şirkətlər var, xaricdən marketoloqları cəlb edirlər, amma artıq ixtisaslaşmış yaxşı marketolqlarımız var və yetişməkdədir. Son dövrlərdə universitetlərdə marketinq dərsləri keçirilir, təlimlər, seminarlar təşkil olunur. Mən özüm vaxt aşırı Dubayda, Turkiyədə, Amerikada bacardığım qədər çalışıram marketinq təlimlərində iştirak edim. Bu gün hələ də öyrənirəm, şirkətin marketoloqu və ya bu işlə məşğul olan məsul şəxs yalnız marketinqlə məşğul olmalıdır. Marketoloq şirkətin həm CEO-su, həm mühasibi, həm PR meneceri, həm də qeydiyyatçısıdır. Texniki əməkdaşlarla belə sıx əlaqədə olmalıdır. Strategiyanı təklif verib oturub gözləmək lazım deyil ki, her şey yaxşı olacaq, strategiyani verib ve onun tez-tez təqib etmək mütləqdir, hər gün şirkətə gələn zəngləri, şikayətləri, tələb və təklifləri mütləq izlənməlidir. Biz bunu bu gün belə edirik və problem, tələbi və təklifi qısa müddətdə və peşəkarcasına həll edirik. Bu gün mənim marketinqi işlədiyim şirkətdə həmin şirkətin Facebook və İnstagram səyfələrinə bir başa adminliyim ve info-ya gələn maillərə çıxışım var. Gələn bütün mesajları izləyirik, amma ola ki, SMM-lə məşğul olanın və ya mənim gözümdən nəsə qaça, o zaman digər əməkdaşımız bu işlə məşğul olmalıdır.

– Bu suala necə cavab verərdiz? Reklamla PR-ın nə kimi fərqi var?

– PR, media, təşkilatlar və ictimayyət arasında qarşılıqlı və faydalı əlaqələri quran strateji ünsiyyət formasıdır, digər tərəfdən reklam isə, onlayn, çap, tv və radio da daxil olmaqla, müxtəlif media növləri vasitəsi ilə təşkil olunacaq pullu elanlardır. Bunu da qeyd edim ki, müasir azad iqtisadiyyat dövründə PR və marketinq bir-birini tamamlayan iki mövhümdur ki, sonuncu daha çox məhsul və xidmətlərin təşviqi ilə müştəriləri cəlb etməyə yönəldiyi halda, PR isə ümumi nüfuzun və brendin müsbət imicinin formalaşmasına fokuslanır.

– Marketinq araşdırması nədir və bunu kimlər etməlidir? Necə fikirləşirsiz ölkəmizdə bunu edənlər var?

– Bazar araşdırması bazar və ya istehlakçılar haqqında məlumatların toplanması üzrə sistematik fəaliyyətdir. Bazar araşdırması biznesin inkişaf etdirilməsi üçün vacib bir alətdir, hər il dünyada milyonlarla yeni şirkətlər yaradılır, amma müəyyən müddətdən, 1-3 ildən sonra, əksəriyyəti 100-minlərlə şirkət bağlanır, bununla da səbəbi bazarın düzgün araşdırılması və ya məlumatların düzgün toplanmaması olur. Bazar araşdırması nəticəsində siz istehlakçıların tələbatının nə olduğunu, rəqiblərinizin kim olduğunu, qarşıda sizə hansı problemlərin gözlədiyini bilirsiniz. O ki qaldı sualınızın ikinci hissəsinə, ölkəmizdə bunu edənlər varmı? Əlbətdə var, bu gün artıq şirkətlər Sovetin planlı iqtisadiyyat sistemindən çıxır, əksəriyyət bazarı araşdırıb sonra istehsala başlayır, bugün adi bir dönər yeri açanda sağına - soluna, həmin ərazinin trafikinə, ətrafında yerləşən ticarət obiyektləri və şirkətlərə kimi fikir verirlər. Bazarda istehsalçılar arasında rəqabət çoxaldıqca, marketinqin şirkətlərin döyünən ürəyi olduğunu anlayırlar. Xırda bir misal çəkim, 20 il bundan qabaq bizim bazarda 1 türk restoranı vardısa, bugun 100-lərlə bu tip restoran var və bunlar arasında rəqabət yalnız düzgün marketinq strategiyasi ilə aparıla bilər.

Mən bu gün məsləhət görərdim ki, hörmətli investorlarımıza biznesi qurmamışdan öncə marketinq araşdırması etsinlər, strategiyalarını qursunlar, sonra həmin biznesə yatırım etsinlər.

Bir digər misal çəkim sizə... Türkiyənin ən məşhur lahmacun restoranlar şəbəkəsi gedir Amerika bazarına daxil olur, şirkət Türkiyədə miliyonlar qazanmasına rəğmən Amerikada bankrot olur. Bazarı araşdırmadan, insanlar onu yeyecək ya yox bilmədən bu gün Türkiyədə yaxşıdısa Amerikada da yaxşı olacaq deyib biznesə başlamaq düzgün deyil. Amerikanın onsuzda öz pizzası var, niyə türk lahmacununu yesin ki?! Ağıllı investorlar bu cür səhvləri demek olar ki, etmir. Onlar ilk öncə bazarda sektorda vəziyyəti araşdırırlar sonra rəqiblərin bazarda roluna və tutduğu mövqeyə baxırlar və gələcək potensialı araşdırıb düzgün strategiya ilə bazara daxil olurlar.

Etiraf edim ki, bir neçə dəfə işlədiyim şirkətlərdə bəzən yalnış strategiyalarım olub. Tətbiq etmək istədiyim strategiya dünya bazarında işlək strategiya idi və şəxsi təcrübəm üçün Dubayda, Nyu-Yorkda, İstanbulda, Barselonada eyni iş üzrə strategiyanı öz ölkəmizdə tətbiq etmək istəmişəm, lakin əks effekt göstərib. Çünki yaşadığın mühitin mədəniyyəti , mentaliteti , ağız dadı, insanların düşüncə tərzi fərqlidir. Biznesdə uğurlu olmağın bir yolu da dünyada baş verən yenilikləri izləyib, təcrübəni görüb və öz ölkənə uyğun şəkildə tətbiq etməkdir.

– Müasir marketinqin hədəfləri və məqsədləri nədir?

– Müasir marketinq - rəqəmsal marketinqdir. 2018-ci ildə və bundan sonra da göz ardı edə bilməyəcəyimiz 11 əsas digital (rəqəmsal) marketinq trendləri var ki, və mən bunların bəzilərini sizə sadalayım. Süni intellekt (artificial intelligence). Süni intellekt bugün marketinq prosesində mühüm rol oynayır, SI, müştərilərin məhsulları necə tapdıqlarını kömək etmək üçün sosial media platformalarından və bloq yazılarından istifadə edərək istehlakçının və müştərinin onları necə tapdıqlarını öyrənirlər. Video, Forbes-in video marketinq statiskasına görə Youtube-un video istehlakı hər il 100% artır. Məhsul haqqında olan videolar müştərilərin satınalma qərarlarında mühüm rol oynayır. 64% müştəri isə bir videonu seyr etdikdən sonra bir məhsulu online ala bilir. Təkcə Youtube yox bura Facebook, İnstagramda yerləşdirilən videolar və orada edilən canlı yayımlar da aiddir. Mənim ən sevdiyim marketinq trendlərindən olan Infulencer Marketing - biz hamımız kimdənsə nəyisə hər zaman məsləhət alırıq, nəinki məhsulu, həkimi, saç ustasını, saatsazı, ayaqqabı təmirçisini belə dostlardan hər zaman məsləhət alırıq. Bir də məsələnin digər tərəfi - biz bunları internetdə də araşdırırıq. Amerikada demək olar ki, hər kəs "YELP" programından istifadə edir, hansı restorana getmək istəyirsənsə həmin restoran haqqında rəyləri oxuyub, sonra gedib və ya getməməyinizə qərar verirsiz. Influencerləri istifadə etməklə müştərilərin cəlb edilməsi çox effektli marketinq metodlarındandır. Influencerlər, məşhurlar (celebrity), İnstragram və Youtube ulduzlarından, tanınmış bloggerlərdə və jurnalistlərdən ibarət ola bilər. Bu metod bu gün çox yayılmış metoddur.

Onu da qeyd edim ki, marketinqdə lokallaşdırma çox onəmlidir. McDonald’s-ın lokallaşdırma strategiyası mənim çox xoşuma gəlir, bu gün McDonald’s Azərbaycanda dönər+ayran, Türkiyədə köftə satır, Cənubi Amerikada Taco Bell və s. 10 il bundan qabaq Moldovada McDonald’s-da piyvə görəndə qəribə gəlmişdi mənə. McDonald’s burada artıq lokallaşdırma strategiyası ilə daha çox satış və gəlir əldə edir. Məsələn, müsəlman ölkələrində demək olar ki, Mac Bacon satılmır, çünki bazarda tələbat çox azdı, burada dini faktor rol oynayır, haram saydıqlarına görə. Necə deyərlər “Think Global Act Local”, yəni qlobal düşünüb yerli səviyyədə işləri həyata keçirmək lazımdı.

Heç şübhəsiz gələcək marketinq artıq blockchain texnlogiyası üzərində qurulacaq və istifadə ediləcək.

– Hazırda ölkəmizdə marketoloqların xidmətlərindən nə dərəcədə yararlanırlar?

– Bizim çox yaxşı marketoloqlarımız var, amma onların işləməsi üçün şirkət rəhbəri şərait yaratmalıdır. Çox təəssüf ki, bu sahədə ölkəmizdə hələ də problemlər var. Şirkətin marketoloqu strategiyanı hazırlayır, bazarı araşdırır, rəqibləri izləyir, gələcək tendensiyaları qurur, şirkətin satışının artırılması üçün planlamanı edir. CEO-nun qarşısına planlar toplusu gətiriləndə şirkət rəhbəri özünün xoşuna gələnləri tətbiq etməyə qərara verir. Bu zaman da bizim problemlər başlayır. Çünki qurduğumuz strategiya zəncirvari bir-biri ilə bağlı olur. Bu “pazzl” kimi bir şeydir bir-biri ilə əlaqəli olur. Şirkətlərin mənfəəti azalan kimi birinci reklam xərclərini azaldırlar. Əslində bu çox yalnış yanaşmadır -bunun tam əksi edilməlidir. Təəssüflər olsun ki, bu gün şirkət rəhbərləri reklama xərclənən pulu ən lazımsız xərc hesab edirlər.

Mənim tanıdığım çox yaxşı azərbaycanlı marketoloqlar var ki, Amerikada, Avropada böyük şirkətlərdə çalışırlar. Bu cür insanlar fəxrimizdir.

– Yerli şirkətlərimiz və ya biznesmenlərimiz hansı hallarda marketinqə, marketoloqlara üz tuturlar və ya heç müraciət edirlərmi?

– Bu sahə elə bir sahədir ki,burada tanışlıq rol oynamır. Yəni işə kiminsə tanışısız deyə götürülmürsüz. Bu sahədə təcrübəyə, bacarığa xüsusi önəm verilir. Əvəllər yerli şirkətlər demək olar ki, ziyan etdikdən sonra marketoloqlara müraciət edirdilər. Əsas problem ondadır ki, şirkət uğurlu bir zirvəyə çatdıqdan sonra şirkət rəhbəri elə bilir ki, artıq hər şey əladır və reklama ehtiyac yoxdur və başlayır reklam xərclərini kəsməyə, strategiyanı pozmağa. Bir müddət sonra satışlar azalmağa başlayır. Yalnız bundan sonra başlayırlar marketinqə maliyyə ayırmağa, amma anlamırlar ki, artıq 3 dəfə artıq xərc edəcəklər. Biz bunu təcrübədə çox sınamışıq.

Hal-hazırda ölkəmizdə bir çox böyük, orta və hətta kiçik şirkətlərin belə marketinq bölmələri, departamentləri var. Artıq hər il ölkəmizdə marketinq forumları keçirilir. Tez-tez marketoloqlar bir araya gələrək müzakirələr edirlər. Hətta bir çox marketoloqlarımız öz şəxsi bizneslərini yaradıblar